Uduzmuş klandan Paşinyana qarşı de-marş: ”Gərgin mərhələ başlanır” - ŞƏRH

Uduzmuş klandan Paşinyana qarşı de-marş: ”Gərgin mərhələ başlanır” - ŞƏRH

31 martda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hərbi-siyasi rəhbərliyinin təşkilatçılığı ilə keçirilən seçki şousu Qarabağ ermənilərini rəsmi İrəvandan narazı saldı.

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ klanı”na qarşı atdığı addımlar mövcud vəziyyətdə separatçıların narazılığını bir qədər də artırdı.

Paşinyanın Qarabağda keçirdiyi seçki oyunbazlığı gərginliyi münaqişə həddinə çatdırıb.

Maraqlıdır, Qarabağ ermənilərində İrəvana qarşı narazılıq güclənə, sepatatçıların İrəvana de-marşı başlana bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında “Qarabağ klanı”nın Paşinyana uduzduğunu deyib:

“Ermənistanın işğal olunmuş ərazilərimizdə keçirdiyi qondarma seçkilər demək olar ki, erməni avantürasının pik həddi idi. Bundan əlavə Baş nazir Nikol Paşinyan Qarabağda keçirdiyi bu qondarma seçki ilə özünün siyasi strategiyasını müəyyən etməyə çalışdı. Çünki Qarabağda separtçıların rəhbərliyinə öz adamını gətirməklə bütövlükdə Ermənistan siyasətində və Qarabağda öz siyasi ambisiyalarını möhkəmləndirmək istəyir. Məhz bu qondarma seçkilər “Qarabağ klanı” ilə İrəvan arasında ən gərgin mübarizədir. “Qarabağ klanı” siyasi proseslərdə aktivliyi saxlamaq üçün məhz Qarabağda separatçı rəhbərliyi əlində saxlamağa çalışır. Hesab edirəm ki, burada “Qarabağ klanı”nın separatçıları Paşinyana qarşı müqavimət formalaşdıracaq. Moskvaya tabe olan Köçəryan və Sarkisyan tandemi məhz Qarabağda aktiv olub, Ermənistanda hakimiyyəti ələ alıblar. Erməni ictimai rəyində “Ermənistanın siyasəti Qarabağda həll olunur” fikri var. Bunun səbəbi devrilmiş Sarkisyan sisteminin buradan formalaşmasıdır. “Qarabağ klanı”nın namizədi Balasanyanın rəhbərliyi ilə burada Paşinyana qarşı siyasi hərəkat formalaşdıracaq və bir qrup Qarabağ ermənilərini yığıb ona qarşı etirazlara start verəcəklər. Biz qondarma seçkilərdən sonra Qarabağda Paşinyan əleyhinə Balasanyanın aktiv etirazları başlayacaq və bu yeni gərgin mərhələnin başlanması olacaq. Hesab edirəm ki, “Qarabağ klanı” artıq siyasi səhnədə Paşinyana uduzub və qalib gəlməsi çətin bir prosesdir”.

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info