“Azərbaycan koronavirusa qarşı səmərəli mübarizə aparır” - Deputat

“Azərbaycan koronavirusa qarşı səmərəli mübarizə aparır” - Deputat

“Prezident tərəfindən 97 milyon manat vəsaitin ayrılması tibb sahəsində daha böyük planların həyata keçirilməsi üçündür”

“Yaxın zamanlarda koronavirusla mübarizənin əsas mərhələsini geridə buraxacağıq”

Məlum olduğu kimi, Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb. Ölkə başçısının bu addımı ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirilib.

Dövlət başçısının pandemiya ilə mübarizədə növbəti qərarını “Sherg.az” şərh edən millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycan koronavirusla mübarizədə ən səmərəli fəaliyyət göstərən ölkələr qrupundadır.

 

Depuatın sözlərinə görə, Prezident tərəfindən 97 milyon manat vəsaitin ayrılması və növbəti partiya avadanlıqlarının alınması tibb sahəsində daha böyük planların həyata keçirilməsi üçündür:

“Yeni xəstəxanalar, alınan tibbi avadanlıqlar və personal sonradan vətəndaşların digər xəstəliklərlə müalicəsi və daha yüksək tibbi müayinə alması üçün istifadə ediləcək. Bir cəhəti qeyd edim ki, Azərbaycanda görülən işlərin hamısı büdcə hesabına həyata keçirilir. Vətəndaşın üzərinə hansısa maliyyə yükü qoyulmur. Baxmayaraq ki, Koronavirusla Mübarizə Fondunda yüz milyondan çox vəsait yığılıb, hələ o vəsaitə dəyilməyib. Dövlət həm 2020-ci ilin büdcəsindən, eyni zamandan Prezidentin Ehtiyat Fondundan çox səmərəli istifadə edir”.

Milli Məclisin üzvü bəyan edib ki, ölkə rəhbərliyinin rəhbərliyi altında hələ koronavirus təhlükəsinə qədər Azərbaycanda sosial obyektlərin, səhiyyə, məktəb və s. infrastruktur layihələrinin qurulması bu məsələdə çox mühüm rol oynadı:

“Əgər zamanında xəstəxanalar təmir edilməsəydi, yeniləri tikilməsəydi, paytaxtda və regionda müasir tələbələrə cavab verən özəl klinikalar ərsəyə gətirilməsəydi, bugün virusa yoluxmuş şəxslərin və karantində olan vətəndaşların problemlərinin həllində ciddi çatışmazlıqlar ortaya çıxardı. Amma göründüyü kimi cənab Prezidentin uzaqgörənliyi heç kəsin gözləmədiyi bir problemin həllində böyük rol oyandı. İkinci faktor isə səhiyyə sisteminin günün tələblərinə cavab verən səviyyəyə çatması üçün dövlət başçısı tərəfindən atılan ciddi addımlardır. Ötən müddət ərzində səhiyyə kadrlarının hazırlığında böyük işlər görülüb. Tibb Universitetində təhsil iki pilləli sistemə keçib. Həkimlərimizin bir çoxu xarici kurslarda hazırlıq görüblər. Müasir avadanlıqlar alınıb, özəl tibb ocaqları yaradılıb. Bu da sağlam rəqabəti meydana gətirib. Görülən işlərin nəticəsində bugün Azərbaycan koronavirusla mübarizədə hər hansı problem yaşamır. Bu təhlükə başlayanda cənab Prezidentin tapşırığı ilə Azərbaycanda 10-a qədər yeni karantin yerləri yaradıldı. Burada istifadə ediləcək tibbi avadanlıqlar və preparatlar alındı. Söhbət Azərbaycanın malik olduğu maliyyə imkanlarından getmir. Bugün maliyyə imkanı kifayət qədər çox olan Avropa və digər Qərb ölkələrində hospitallar çatışmır. Hətta ABŞ kimi bir dövlət hələ indi-indi tənəffüs çatışmazlığının qarşını almaq üçün avadanlıq istehsal etməyə başlayıb. Əlbəttə, Azərbaycanda görülən işlərin hamısı cənab Prezidentin uzaqgörənliyinin nəticəsidir”.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan yüksək beynəlxalq əlaqələrə, dünya ölkələri ilə sıx gediş-gəlişə malik olsa da, koronavirus ölkəmizdə geniş yayılmayıb:

“Baxmayaraq ki, Azərbaycan gediş-gəlişin çox olduğu bir ölkədir və dünya birliyinə inteqrasiya olunmuşuq. Amma hər bir milyon nəfərə düşən koronavirus xəstəsinə görə, ölkəmiz pandemiyanın ən az yayıldığı ölkələr sırasındadır. Hesab edirəm ki, son atılan addımlar, xüsusən də “evdə qal” çağırışına əməl etmək ona gətirib çıxaracaq ki, yaxın zamanlarda koronavirusla mübarizənin əsas mərhələsini geridə buraxacağıq”.

Mənbə: sherg.az