Prezident fövqəladə Zirvə Görüşündə çıxış etdi: “Dövlətin dəstəyi 600 minə yaxın insanı əhatə edir”

Prezident fövqəladə Zirvə Görüşündə çıxış etdi: “Dövlətin dəstəyi 600 minə yaxın insanı əhatə edir”

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.

Oxu.Az-ın məlumatına görə, Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Çıxış edən Prezident İlham Əliyev bildirib ki, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti tədbirlər planı hazırlayıb və təsdiq edib.

Dövlət başçısı qeyd edib ki, koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 yüz minə yaxın insanın yaranmış vəziyyətdən əziyyət çəkdiyini görərik.

“Sahibkarlara müraciət edilib ki, iş yerləri ixtisar edilməsin. 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir”, - deyə İlham Əliyev Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizə barədə danışıb.

Prezident qeyd edib ki, ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə üzrə isə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib:

“İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerləri yaradılacaq. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanılıb”.

Aqşin Kərimov

Mənbə: www.oxu.az