Rusiya koronavirusla mübarizədə həmrəylik jestinə görə Azərbaycana təşəkkür edib

Rusiya koronavirusla mübarizədə həmrəylik jestinə görə Azərbaycana təşəkkür edib

Bakı. Trend:

Rusiya koronavirusla mübarizədə həmrəylik jestinə görə Azərbaycana təşəkkür edib.

Trend bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur: “Aprelin 9-da müasir Azərbaycanın memarlıq olan Heydər Əliyev Mərkəzində Rusiya bayrağının rəngləri işıqlandırılıb. Dünyada davam edən bu mürəkkəb vəziyyətdə yaxın dostun, qonşu və etibarlı tərəfdaşın dəstəyi xüsusilə vacibdir”.

Məlumatda, həmçinin ölkə rəhbərliyinə, Heydər Əliyev Mərkəzinə və bütün Azərbaycan xalqına koronavirusla mübarizədə Rusiya və rus xalqı ilə dostluq və həmrəylik jestinə görə minnətdarlıq ifadə olunub:

“Rusiya tərəfi də Azərbaycana münasibətdə səmimi hisslər keçirir, pandemiyanın fəsadlarının aradan qaldırılması üzrə bütün səylərini dəstəkləyir”.

Qeyd edək ki, aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus ("COVID-19") xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.

Aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

Mənbə: az.trend.az