“Türk dünyası arasında birlik getdikcə güclənir” - Düşmən qorxuya düşür

“Türk dünyası arasında birlik getdikcə güclənir” - Düşmən qorxuya düşür

“Ölkəmizin bu birliyin güclənməsində müstəsna rolu və xidmətləri var”

Aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Görüş Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Görüşün sonunda iştirakçılar tərəfindən Birgə Bəyannamə qəbul edilib.

Zirvə görüşünü “Sherg.az”a dəyərləndirən tarixçi-alim Dilavər Əzimli deyib ki, türk dünyasının həmrəyliyini nümayiş etdirən bu cür görüşlərin keçirilməsi müsbət haldır:

“Belə bir videokonfransın keçirilməsi çox bəyəniləndir. Xüsusən, Zirvə Görüşünün təşəbbüskarının Azərbaycan Prezidenti olması daha mühüm məqamdır. Azərbaycan Türk dünyasının mərkəzidir. Türk dünyası arasında birlik günü-gündən güclənir. Ölkəmizin bu birliyin güclənməsində müstəsna rolu və xidmətləri var. Düşmənlərimiz məhz bu birlikdən qorxuya düşərək, bizə qarşı təbliğat aparırlar. İstərdim ki, bu birlik çərçivəsində uyğurların da problemi gündəmə gəlsin. Çünki onlar da türk dünyasının tərkib hissəsidir”.

Tarixçi təklif edib ki, qurumun adı “Türkdilli” yox, “Türk dövlətləri” sözü ilə başlasın:

“Avropa və Rusiya tarix elmi bizə bu düşüncəni yeritməklə məşğuldur. Mən türkəm, dilim də türk dilidir. Amma iddia edirlər ki, guya burada yaşayanların əksəriyyəti türk olmayıb, səlcuqlar zamanında türkdilli olublar. Daha sonra iddia edirlər ki, bunların yarısı türk dilini qəbul edib. Məntiqsiz yanaşmadır? Onda nə əcəb, ruslar, ermənilər, gürcülər, yəhudilər, farslar, kürdlər, nə bilim talışlar, ləzgilər, avarlar, balaca xanlıqlar belə türk adını almadılar. Qərb və Rusiya tarix elmi bilə-bilə bunu qəbul etmir. Çünki türklük həm də düşüncədir. Həm də ədalətə, Uca Yaradanın ədalətinə söykənən düşüncə sistemidir. Biz Türkük, ona görə də “türkdilli” yox, “türk dövlətləri” yazılsa, daha yaxşı olar”.

Mənbə: sherg.az