Azərbaycanın tərəfdaşından İrəvana açıq mesaj - Bəyanatdan 3 gün öncə…

Azərbaycanın tərəfdaşından İrəvana açıq mesaj -

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin tam razılaşdırılması, proses çərçivəsində danışıqların başa çatması ilə bağlı müxtəlif ölkələrdən müsbət bəyanatlar səsləndirilir. Bunların arasında Böyük Britaniyanın Bakı və İrəvanı sülh müqaviləsini imzalamağa çağırması isə xüsusi diqqət çəkir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 10-da Londona səfəri etdi və orada bir sıra rəsmi şəxslərlə mühüm görüşlər keçirdi. Maraqlıdır ki, bundan üç gün sonra isə xarici işlər naziri Ceyhun Bayramov sülh sazişi üzrə layihə sənədinin bütün maddələrinin razılaşdırıldığını bəyan etdi.

Bəzi ekspertlərin fikrincə, bu, Bakının Londonla hər hansı razılıq əldə etdiyi mənasına gəlməməlidir. Azərbaycan həm daxili, həm də xarici siyasətdə müstəqil qərar verir. Bu səfərlər isə Bakının diplomatik əlaqələrinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Ölkə rəsmilərinin xarici dövlətlərə səfərləri və keçirilən görüşlər Ermənistanın sülh sazişi üzrə razılığa gəlməsini tezləşdirə, İrəvana beynəlxalq təzyiqin göstərilməsini təmin edə bilərmi?

Politoloq Aytən Qurbanova deyib ki, Britaniya qlobal sisteminin ən önəmli aktorlarından biridir:

“Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər hər zaman yüksək səviyyədə olub və qarşılıqlı etimada əsaslanır. Hətta rəsmi Londonun Bakıdakı diplomatik nümayəndəliyinə hərbi attaşe təyin etməsi də buna bariz nümunədir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı bütün addımlar və danışıqlar prosesindəki haqlı mövqeyi hər zaman dəstəklənib. Ona görə də, sülh müqaviləsinin mümkün olan ən qısa zamanda imzalanmasına dair çağırışın mahiyyət etibarilə Ermənistana ünvanlanmış önəmli mesaj olduğunu düşünürəm. Xüsusilə Fransa mərkəzli bəzi siyasi dairələrin Ermənistanı hərbiləşdirdiyi və sülh danışıqlarına zərbə vurmağa çalışdığı bir mərhələdə İngiltərənin açıq mövqeyi “Ermənistan+” qüvvələr üzərində mütləq təsir imkanlarına malik ola bilər.

ayten
Aytən Qurbanova

Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyi isə dəyişməz olaraq qalır. Artıq müqavilənin mətnində əks olunacaq 17 bənd üzrə razılıq əldə olunub. Amma sənədin imzalanması, zəruri şəraitin təmin olunması üçün rəsmi İrəvan Bakının konkret tələblərini yerinə yetirməli və davamlı sülhün prinsipial əsaslarını formalaşdıracaq real addımlar atmalıdır”.

Turan Rzayev

Mənbə: globalinfo.az