"Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar iki ölkə arasında münasibətlərin nə qədər dərin və strateji olduğunu bir daha nümayiş etdirir".
Bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Deputat bildirib ki, buu görüşlər zamanı tərəflər siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini ətraflı müzakirə ediblər. Prezidentlərin bəyanatları, həmçinin qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan dostluq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edir.
"Azərbaycan Respublikası ilə Gürcüstan arasında əsrlərlə formalaşan mehriban qonşuluq və qarşılıqlı etimad müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək regionun və daha geniş coğrafiyanın inkişafında mühüm rol oynamaqdadır. Tarixi köklərə söykənən bu münasibətlər hərtərəfli əməkdaşlıq və gələcəyə doğru davamlı inkişaf xətti üzrə irəliləyir. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında münasibətlərin xüsusi rəmzi mahiyyət daşıdığını göstərir. Cənubi Qafqazda davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi Azərbaycan və Gürcüstanın əsas prioritetlərindəndir. Hər iki dövlət uzun illərdir ki, regionda bu istiqamətdə fəal əməkdaşlıq edir və bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Ölkələr arasında ali səviyyədə formalaşmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın möhkəm təməlini təşkil edir
Azərbaycan və Gürcüstan arasında 119 ikitərəfli sənəd imzalanmışdır. Bu sənədlər əməkdaşlığın möhkəm hüquqi əsasını təşkil edir və onun sabit inkişafını təmin edir. Bu dost dövlətlər BMT, ATƏT, GUAM, QDİƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyi və milli maraqlarını dəstəkləməklə nümunəvi beynəlxalq əməkdaşlıq sərgiləyirlər.
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı təkcə iki ölkənin milli maraqlarına deyil, həm də regionun rifahına, enerji təhlükəsizliyinə və nəqliyyat inteqrasiyasına xidmət edir. Siyasi dialoqun fəallığı, ortaq layihələrin miqyası və strateji baxışlar bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə əminlik yaradır. Prezident İlham Əliyev bəyanatında bu fikri əminliklə qeyd edib: “Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”.
Mənbə: unikal.az