Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq uzun illərdir qeyri-sabitlik və münaqişələrdən əziyyət çəkən Yaxın Şərq regionunda yeni böhranların arzuedilməz olduğunu bildirib.
O, Türkiyə ordusunun Suriyanın şimalında və İraqda həyata keçirdiyi sərhəd əməliyyatlarına diqqət çəkib. Ərdoğan qeyd edib ki, Ankara bu əməliyyatlar sayəsində terroru mənbəyində aradan qaldırmağa yaxınlaşıb və indi yeni mərhələyə keçir.
Türkiyə prezidenti həmçinin gələcəkdə mübarizənin neft deyil, XXI əsrin ən strateji resursu olan su uğrunda olacağını söyləyib və ölkəsinin su qıtlığı yaşadığını vurğulayıb.
Politoloq Fərhad Məmmədov deyib ki, son 20 ildə İraqda, son 15 ildə isə Suriyada qeyri-sabitlik müşahidə edilir:
“Hər iki ölkə dərin münaqişələr içərisində yer alıb. Lakin bu münaqişələr heç də birmənalı xarici faktorlarla bağlı olmayıb. Daxildəki qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, bu ölkələrin xarici dövlətlərin diqqətini çəkməsi və nüfuzlarını yaymaq üçün mübarizə içərisində olan qüvvələrə dəstək verməsi ilə nəticələnib.
Fərhad Məmmədov
Xarici ölkələrin daxildəki qüvvələri dəstəkləməsi isə nəticə etibarilə proksi müharibələrə gətirib çıxardı. Bununla belə, hazırda vəziyyət normallaşmağa doğru gedir. Regionun sabitləşməsində ən çox maraqlı olan ölkə Türkiyədir. Rəsmi Ankara bölgədə sabitlik istəyir, çünki bu halda sərhədləri təhlükəsiz olacaq. Xüsusilə İraq və Suriyadan Türkiyəyə illərdir terrorçular keçid edirdi. Amma bu, artıq mümkün deyil”.
“O ki qaldı su müharibələrinə, hələlik bunun üçün əsas yoxdur. Belə bir risk var və gələcəkdə özünü daha çox göstərəcək. Mövcud vəziyyətdə isə münaqişələrin kökü daha çox etnik, dini amillərə söykənir”, – politoloq qeyd edib.
Turan Rzayev
Mənbə: globalinfo.az