DTX-nin ifşa etdiyi casusa hökm oxundu

DTX-nin ifşa etdiyi casusa hökm oxundu

Azərbaycanda konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə ittiham olunan Emin Qasımzadənin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Emin Qasımzadə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 38 yaşlı Emin Qasımzadə istifadəsində olmuş sosial şəbəkə hesabları vasitəsilə Ermənistan tərəfinin rəsmi qurumları ilə gizli əlaqə qurub, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi məqsədilə məlumatlar ötürərkən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) diqqətinə düşüb.

O, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin zərərinə olaraq Ermənistan tərəfə məlumatlar ötürərək dövlətə xəyanət etməkdə təqsirləndirilir. Bundan başqa o, qeyd olunan hərəkətlər zəminində həmçinin özünün feysbuk sosial şəbəkəsi hesabında dövlət əleyhinə açıq çağırışlar edib, həmçinin Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçilik yaratmağa yönələn hərəkətlər törədib.

E.Qasımzadə sosial şəbəkə vasitəsilə əlaqə qurduğu həmin şəxslərin tələblərini yerinə yetirib, onlara Şuşa şəhəri və digər ərazilərdən istədikləri yerlərin fotolarını və digər məlumatları göndərib.

DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş Emin Qasımzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə Xəyanət), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilib.

Mənbə: axar.az