Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün İrəvanda “erməni soyqırımı”nın 110 illiyinə görə keçirilən yürüşdə Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını qınaması ictimaiyyətdə narazılıq doğurub.
Bu barədə “Hraparak” qəzetinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, baş nazir Türkiyə və Rusiya arasında ayrı-seçkiliyə yol verir və Ankaranı üstün tutur. Çünki hələ Mülki Müqavilə Partiyası iqtidara gəlmədən öncə keçmiş hökumətə qarşı mübarizə çərçivəsində keçirilən aksiyalarda Rusiya bayraqlarını dəfələrlə yandırıb. Məlumata görə, Nikol Paşinyan, hazırkı xarici işlər naziri Ararat Mirzoyan, parlamentdə hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjuryan, baş nazirin köməkçisi Davit Gevorqyan və bir sıra hazırkı hökumət nümayəndələri 2015-ci ildə təşkil olunan genişmiqyaslı aksiyada Rusiya bayrağının yandırılmasında şəxsən iştirak ediblər. Hətta D.Gevorqyan ayağını həmin bayrağa silib.
Buna rəğmən, Paşinyanın Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını qınaması erməni ictimaiyyəti, xüsusilə rusyönümlü dairələr arasında narazılıq doğurub.
Ayşən Mustafa
Mənbə: globalinfo.az