Ankarada beynəlxalq konfransda azərbaycanlılara qarşı törədilən müstəmləkə zülmündən bəhs edilib

Ankarada beynəlxalq konfransda azərbaycanlılara qarşı törədilən müstəmləkə zülmündən bəhs edilib

Bu gün Türkiyənin paytaxtı Ankarada OSTİM (Orta Doğu Sənaye və Ticarət Mərkəzi) Texniki Universitetində “Müstəmləkə cinayətləri” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda azərbaycanlı politoloq Rusif Məmmədsoy "Sovetlərin müstəmləkə cinayətləri dünəndən bu günə" mövzusunda çıxış edib.

O, keçən əsrin əvvəllərindən Sovetlər Birliyi dağılana qədər Azərbaycan türkləri, ümumilikdə Türk dünyasından Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Ahıska, Fərqanə türklərinə qarşı tətbiq edilən zülm və dəhşətli vəhşiliklərdən, o dönəmdə olan informasiya məhdudiyyətindən bəhs edib.

Çıxışçı, həmçinin Qarabağ probleminin kökləri və erməni-rus hərbi birləşmələrinin törətdiyi qətliamlar, Zəngəzur dəhlizinin işlək olmaması problemlərindən danışıb.

OSTİM Texniki Universiteti rəhbərliyinin bu təşəbbüsünü təqdir edən politoloq bu cür nümunəvi tədbirlərin Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan digər ölkələrin universitetlərində də keçirilməsinin mühüm olduğunu dilə gətirib, Azərbaycanda müvafiq dairələrdə də bu məsələni gündəmə gətirəcəyini ifadə edib.

Qeyd edək ki, OSTİM Texniki Universitetində keçirilən konfransın iştirakçıları Cənubi və Şimali Amerika, Afrika, Asiya xalqlarının, eləcə də Balkan regionu, Pakistan, Hindistan, Myanma, xüsusilə Fələstin əhalisinin üzləşdiyi problemlərə diqqət yetiriblər. Həmçinin, tədbirdə Fransa, İngiltərə, ABŞ, İsrail, Rusiya və digər imperial güclərin müstəmləkəsində olan ölkələrdə yaşanan zülmlərdən bəhs edilib.

Mənbə: report.az