Şaranın Avropaya ilk səfəri – Bakı və Ankaranın düşməni ilə niyə görüşür?

Şaranın Avropaya ilk səfəri –

Suriya Ərəb Respublikasının keçid hökumətinin prezidenti Əhməd əl-Şaranın mayın 7-də Fransaya nəzərdə tutulan səfəri böyük maraqla gözlənilir. Diqqətçəkən məqam isə səfərlə bağlı ilk Yelisey Sarayındakı mənbəyə istinadən məlumat yayılmasıdır.

Bu, Şaranın keçid hökumətinin rəhbəri kimi Avropaya ilk səfəri olacaq. Məlumata görə, Suriya lideri Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. Makronun görüş zamanı Suriya hökumətinə dəstəyini ifadə edəcəyi bildirilir.

Hazırda Avropadakı gərgin vəziyyət fonunda Türkiyəyə yaxınlığı ilə bilinən Suriya liderinin məhz Parisə yola düşməsi müzakirələrə səbəb olub.

Suriyalı türkmən siyasi şərhçi Muxtar Fateh Beydilli deyib ki, 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsi ölkəni uzun illər davam edən qeyri-sabitlik, humanitar böhran və beynəlxalq təcrid vəziyyətinə saldı:

“Lakin son illərdə Suriya yenidən diplomatik əlaqələrin bərpası istiqamətində addımlar atır, regional və beynəlxalq aktorlarla təmaslarını artırır. Bu kontekstdə Prezident Əhməd əl-Şaranın Fransa liderinin dəvəti ilə Parisə etdiyi rəsmi səfər diqqətçəkən dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Paris səfəri uzun müddət təcrid olunmuş Suriya rəhbərliyinin beynəlxalq səviyyədə yenidən qəbul edilməsinə dair güclü simvol hesab oluna bilər. Xüsusilə də Qərbin aparıcı ölkələrindən biri olan Fransanın bu cür rəsmi dəvəti, normallaşmanın miqyasını daha da artırır. Səfər həm də Avropanın Suriya siyasətində mümkün paradiqma dəyişikliyinə də işarə edir”.

WhatsApp Image 2025 04 22 at 12.19.10 e1745353894832
Muxtar Fateh Beydilli

Ekspertin sözlərinə görə, Fransa tarixən Yaxın Şərqdə təsirli aktor olmaq iddiasını qoruyur:

“Suriya ilə diplomatik əlaqələrin bərpasına yönəlmiş bu addım həmin strategiyanın aktual ifadəsi sayıla bilər. Paris rəhbərliyi bu səfər vasitəsilə yalnız Dəməşqə deyil, region ölkələrinə və Qərb ictimaiyyətinə, sabitlik və dialoqa əsaslanan xarici siyasət mesajı verir.

Əhməd əl-Şaranın beynəlxalq aləmdə aktivliyini artırması isə daxili auditoriyaya yönəlmiş legitimlik strategiyasıdır. Qərb paytaxtlarında qəbul olunmaq onun liderlik imicini gücləndirir və yeni bir dövrün başlandığına dair fikirləri möhkəmləndirir. Belə səfərlər eyni zamanda ölkədaxili müxalif qüvvələrin təsirini balanslaşdırmaq məqsədi daşıyır.

Fransadakı görüşlər, həmçinin beynəlxalq investorlar və maliyyə institutlarına ünvanlanan bir “sabitlik siqnalı”dır. Fransanın açıq dəstəyi ilə Suriya siyasi və iqtisadi baxımdan yenidənqurma üçün etimad mühiti yaratmaq istəyir. Bu isə ölkənin beynəlxalq sistemə inteqrasiyasının sürətlənəcəyini göstərir.”

Siyasi şərhçi Cavanşir Abbaslı isə qeyd edir ki, Makron Suriyada mövqelərin sürətlə Türkiyənin xeyrinə dəyişdiyini və Dəməşqdə Ankaraya yaxın bir şəxsin hakimiyyətə gətirildiyini anlayır:

“Məhz buna görə Fransa prezidenti ilk addımı özü atdı və bu ilin fevralında Əhməd əl-Şaranı ölkəsinə dəvət etdi. Makron beləliklə “Suriyada biz də varıq” mesajı vermək istəyir. Amma bu, asan məsələ deyil. Çünki Fransa həm Türkiyə, həm də onun qardaş ölkəsi Azərbaycanla “körpüləri yandırıb”.

Buna baxmayaraq, keçid dövrünün rəhbərinin bu səfəri çox böyük əhəmiyyət kəsb edir. Artıq Avropanın aparıcı dövləti bu səfər vasitəsilə Suriyanın yeni rəhbərliyini gələcəkdə legitim hökumət kimi tanımağa başlayır.

Bəli, Bəşər Əsədin devrilməsindən sonra Əhməd əl-Şara hakimiyyətinin Qərb tərəfindən tanınmasında əngəllər olmayacağı gözlənilən idi. Amma unutmamalıyıq ki, Qərb də hər addımını diqqətlə atır. Yəni, Şaranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa “kadrı” kimi hakimiyyətə gətirildiyi də Avropa üçün aydındır. Sadəcə Türkiyə elə situasiya yaradıb ki, Qərbin, xüsusilə Fransanın başqa seçim şansı qalmayıb”.

C.Abbaslı bildirib ki, belə bir şəraitdə Qərb Əsədlə Şara arasında seçim etməli olsaydı, təbii ki, ikincini seçəcəkdi:

“Çünki Əhməd əl-Şara ölkəni Əsəd ailəsinin dövründəki vəziyyətdən çıxarmaq istəyir və atılan addımların hamısı Ərdoğanın nəzarətində həyata keçirilir.

Burada bir məqama da diqqət yetirək – Əhməd əl-Şaranın bu səfəri Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifovun Suriyaya səfərindən sonraya təsadüf edir. Bu o deməkdir ki, keçid dövrünün rəhbəri Fransaya, yəni son illərdə Azərbaycana qarşı sərt mövqe sərgiləyən ölkəyə Bakı bağlı hansısa mesaj və ya təklif də apara bilər. Kim bilir, bəlkə bu səfərdən sonra Azərbaycan-Fransa münasibətlərində müəyyən yumşalma baş verdi. Artıq Makron da anlayır ki, türk dünyası ilə düşmən olmaq ona heç bir fayda vermir.

Əhməd əl-Şara ölkəsinin gələcəyi ilə bağlı siyasi və iqtisadi münasibətlərdə yeni mərhələ başlatmaq niyyətindədir. O da bilir ki, təkcə Türkiyə və ona yaxın ölkələrin dəstəyi, humanitar yardımlar kifayət deyil, bu proses Avropa miqyasına da yayılmalıdır. Ərdoğan da bu səfərin əhəmiyyətini anlayır”.

Cavansir
Cavanşir Abbaslı

Ekspert əlavə edib ki, Əhməd əl-Şara bu səfərlərlə ölkəsinə ayrılan humanitar yardımların miqyasını artırmağa çalışır:

“Çünki 2011-ci ildən bəri viran qalan Suriyanın bərpası üçün milyardlarla vəsait tələb olunur. O isə Fransa kimi iqtisadi cəhətdən güclü ölkələrlə əlaqələri genişləndirməklə bu itkini kompensasiya etmək istəyir.

Bildiyiniz kimi, bir neçə gün əvvəl İsrail Dəməşqdə prezident sarayına yaxın əraziləri bombaladı və vəziyyət daha da gərginləşdi. Amma unutmayaq ki, Fransa İsraillə münasibətlərə “ölüm-dirim” məsələsi kimi yanaşmır. Makron yaxşı anlayır ki, Təl-Əviv bu cür hücumları əsasən ABŞ-ın birbaşa dəstəyi ilə həyata keçirir.

Ukrayna məsələsinə görə hazırda ABŞ və Avropa arasında, xüsusilə də Fransa ilə ciddi fikir ayrılıqları yaranıb. Makron həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ərdoğan arasında yaxın zamanlarda görüş ehtimalını da nəzərdən qaçırmır. Belə bir fonda Təl-Əviv – Dəməşq gərginliyindən istifadə edərək Suriyada Fransanın adının keçməsi və rolunun artması üçün “qarmaq ata” bilər. Fikrimcə, Fransa lideri məhz bu məqsədlə Əhməd əl-Şaranı ölkəsinə dəvət edib.

Amma unutmayaq ki, Suriya prezidenti, xarici siyasətdə usta sayılan Ərdoğanın birbaşa nəzarəti ilə hərəkət edir və onun təlimatları ilə bu siyasəti aparır”.

Turan Rzayev

Mənbə: globalinfo.az