Qarabağ danışıqları prosesində dörd yalan: Paşinyan nəyi gizlədir?

Qarabağ danışıqları prosesində dörd yalan: Paşinyan nəyi gizlədir?

Rusiya Xarici İşlər Naziri Lavrov tərəfindən danışıqlar masasında problemin mərhələli şəkildə həll variantına dair sənədin olması barədə açıqlanması nəticəsində aktivləşən Qarabağ məsələsi ilə bağlı Ermənistan daxilində qaynar müzakirələr davam edir. Bu müzakirələr Paşinyanın hakimiyyətə gəldikdən sonra Qarabağ məsələsi ilə bağlı verdiyi açıqlamaları, verdiyi vədləri və onların nə dərəcədə həqiqət olduğunu bir daha xatırlatmağa məcbur edir. Paşinyanın Baş nazir olandan sonra verdiyi ilk bəyanat Ermənistanın Qarabağ olmadan danışıqlara qatılmayacağıdır. 9 may 2018-ci ildə yeni seçilmiş Baş nazir Nikol Paşinyan işğal altında olan Xankəndində “Bu danışıq formatı ilə irəliləmək mümkün deyil. Münaqişənin üçüncü tərəfi olan Qarabağ (qondarma qurum – red.) danışıqlarda tam iştirak etməlidir”, deyə bəyan etmişdi.

Bundan qısa vaxt sonra Paşinyan bu fikrindən imtina etmək məcburiyyətində qaldı, çünki ATƏT Minsk Qrupu həmsədrləri sərt şəkildə buna qarşı çıxdılar. Paşinyan əleyhinə bəyanat verdiyi həmin formatda danışıqları davam etdirdi.

Sonra Paşinyan prezident İlham Əliyevlə danışıqlar aparmadığını açıqladı. Bir neçə dəfə Azərbaycan Prezidenti ilə “təsadüfi” görüşlər keçirdikdə, özünü doğrultmağa və bu təmasların danışıqlar deyil, görüşlər olduğunu bəyan etməyə məcbur oldu. Vəziyyət o qədər gülməli idi ki, Rusiya və Azərbaycan Xarici İşlər Nazirləri bu məsələyə yumorla münasibət bildirərək, görüşlərin danışıqlar olduğunu açıq şəkildə vurğuladılar.

Bu ilin əvvəlində Paşinyan Qafanda keçirdiyi mətbuat konfransında danışıqlar masasında heç bir sənəd olmadığına israr edirdi.

“Hazırda danışıqlar masasında heç bir sənəd yoxdur və daha əsaslı danışıqlar mərhələsinə yaxınlaşmaq üçün çalışmalıyıq”, - deyə o bildirdi.

Rusiya Xarici İşlər naziri Lavrov Paşinyan tərəfindən təqdim olunan bu yalanı ifşa etdi. Bu yaxınlarda müxbirlərin sualına cavab olaraq, Rusiya Xarici İşlər Naziri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün problemin mərhələli şəkildə həllini nəzərdə tutan bir sənədin masada olduğunu söylədi.

“Bu sənədlər mərhələli şəkildə həll yoluna doğru irəliləməyi nəzərdə tutur. Bu, birinci mərhələdəki ən aktual problemlərin həllini, Dağlıq Qarabağın bir sıra rayonlarının azad edilməsi və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların blokadadan çıxarılması məsələlərini nəzərdə tutur. Beləliklə, əminəm ki, bu sənədləri imzalamaq qərarı aldıqda, atəşkəs əldə olunmasını, danışıqlara başlamağı tələb edən və ATƏT-in Minsk Qrupu həmsədrləri olaraq əldə etməyə çalışdığımız BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində vacib bir addım olacaq”, - deyə Lavrov bildirib.

Ermənistan Xarici İşlər Naziri Mnatsakanyan Rusiya Xarici İşlər Nazirinin bu açıqlamasına cavab verdi. Əslində, Ermənistan Xarici İşlər naziri Lavrovun dediklərini təkzib etmədi, ancaq 2014-cü ildə təklif olunan sənədin masada olmadığını söylədi: “2014-də təklif olunan versiya (2014-cü ilin mərhələli versiyasından bəhs olunur – red.) bu gün danışıqlar masasının sənədi deyil”.

Azərbaycan Xarici İşlər Nazirliyi Mantsakanyanın bu açıqlamasına münasibət bildirib. Azərbaycan tərəfi Ermənistan tərəfini ictimaiyyətə həqiqəti söyləməyə, danışıqların hansı prinsiplər ətrafında aparıldığını ortaya qoymağa çağırdı. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasından bir neçə gün sonra Ermənistan Respublikasının Xarici İşlər Naziri Mnatsakanyan Ermənistan tərəfindən problemin mərhələli variantda həll edilə biləcəyini istisna etməmişdi.

Bunlar Paşinyan hökumətinin mövcud olduğu iki il ərzində erməni xalqına təqdim edə bildiyi dörd əsas yalan idi. Bütün bunlar Ermənistan hakimiyyətinin konkret raılaşmaları ictimaiyyətdən gizlətdiyini sübut edir.

Aqil Məmmədov
Ordu.az

 

Mənbə: ordu.az