Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

Azərbaycanın bir qrup tanınmış ziyalısı həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət ünvanlayıblar.

Müraciətdə T. Yaqublunun keçirdiyi aclıq aksiyasının artıq 6-cı həftəni geridə qoyduğu və aclığın yaratdığı fiziki-psixoloji fəsadların onun həyatına real təhlükə yaratdığı bildirilib.

Müraciətdə deyilir:

“Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır. Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur.

Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızları Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər.

Cənab Prezident! Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”.

Müraciəti imzalayanlar:

1. Adil Qeybulla, professor

2. Sabir Rüstəmxanlı, xalq şairi, VHP sədri

3. Məmməd İsmayıl, şair

4. Rüstəm Behrudi, şair

5. Cavanşir Quliyev, Əməkdar İncəsənət Xadimi

6. Qulu Məhərrəmli, professor

7. Erkin Qədirli, millət vəkili

8. Eldəniz Quliyev, ssenarist, kinodramaturq

9. Hilal Məmmədov, hüquq müdafiəçisi

10. Qorxmaz İbrahimli, ictimai xadim

11. Sərdar Cəlaloğlu, ADP sədri

12. MirMahmud Mirəlioğlu, KXCP sədri

13. Bahəddin Həzi, yazıçı-publisist

Mənbə: qafqazinfo.az