Heydər Əliyev Kozlariçə dedi ki, Vaşinqtona çatdır…

Heydər Əliyev Kozlariçə dedi ki, Vaşinqtona çatdır…

10 may - Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Ümummilli liderin köməkçisi olmuş Eldar Namazovun Axar.az-a müsahibəsi:

- Heydər Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız?

- Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanda mən Naxçıvana getməli oldum. Əslində, əvvəlcə ora xarici jurnalistlər getməli idi, mən onların səfərini təşkil edirdim. Amma son anda səfər təxirə salındı. Mən də bu barədə Heydər Əliyevin yaxın ətrafına məlumat verdim. Onlar isə Heydər Əliyevə bu xəbəri çatdırdılar və mənə dedilər: “Əgər onlar gəlmirlərsə, sən özün gələ bilərsən”. Mən də bu fürsəti dəyərləndirib, Naxçıvana getdim.

Naxçıvana çatanda Heydər Əliyevin məni qarşılamaq üçün aeroporta xidməti avtomobil göndərdiyini gördüm. O, məni müavinlərinə təqdim edərək dedi: “Siz onu yəqin televizordan tanıyırsınız, politoloq Eldar Namazov mənim qonağımdır”. Heydər Əliyevin dilindən bu sözləri eşitmək mənim üçün çox qürurverici idi.

Heydər Əliyevlə bir neçə saat söhbət etdik. O, mənə çoxlu sual verdi və məlum oldu ki, Moskvada və Azərbaycanın televiziya kanallarında çıxışlarımı izləyib, siyasi təhlillərimi bəyənib. Əslində, mən Naxçıvana bir neçə saatlıq getmişdim və geriyə dönüş üçün təyyarə biletim də var idi. Amma o mənə qalmağı təklif etdi. Bildirdi ki, həmin gün Türkiyədən və Çeçenistandan rəsmi qonaqları olacaq və görüşlərdə iştirak edə bilərəm. O dövrdə Çeçenistan faktiki olaraq müstəqil idi və Moskvaya tabe deyildi. Dedi: “Kömək elə, bu görüşləri keçirək”. Mən də, “Baş üstə” dedim və həmin gün Naxçıvanda qaldım.

Hər görüşdən əvvəl məni çağırırdı, təxminən yarım saat söhbət edirdik. Türkiyə və Çeçenistandakı vəziyyət barədə məlumat alır, görüşə hazırlıq məqsədi ilə məsləhətləşirdik. Sonradan başa düşdüm ki, bu, bir növ sınaq idi – yoxlamaq istəyirdi ki, onun köməkçisi ola bilərəmmi. Sonralar Bakıda mən rəsmi şəkildə bu vəzifəni icra edirdim. Görüşlərdən əvvəl bütün lazımi materialları toplayır, Heydər Əliyevə məruzə edir, mümkün müzakirə mövzularını öncədən onunla birgə nəzərdən keçirirdik. Görüşlər zamanı mən də onun yanında əyləşirdim, köməkçi funksiyasını yerinə yetirirdim.

Naxçıvanda onun köməkçisinin evində qaldım. Daha sonra Bakıya qayıtdım. Bir müddət sonra ölkədə siyasi böhran yaşandı, hakimiyyət idarəolunmaz vəziyyətə düşdü və xalq Heydər Əliyevin hakimiyyətə qayıtmasını istədi. O zaman o, hələ prezident deyildi, parlamentin sədri idi. Məni Milli Məclisə dəvət etdi və biz əməkdaşlığa başladıq.

- Onunla ən yaddaqalan xatirənizin birini bölüşə bilərsinizmi?

- Təbii ki, Heydər Əliyevlə bağlı çoxlu xatirəm var. Ümummilli liderlə düz altı il birlikdə çalışdım. Bu illər ərzində nə istirahət günümüz oldu, nə də bayram. Sözün əsl mənasında həftənin yeddi günü fasiləsiz çalışırdıq. Yalnız bir dəfə, şənbə günü axşam işdən çıxarkən mənə dedi: “Sabah işə gəlməyəcəyəm, sən də istirahət et”. Ancaq o istirahət də alınmadı. Səhər saat 11-də Prezident Aparatından zəng gəldi ki, cənab Prezident işə qayıdıb və soruşur: “Eldar haradadır?” Mən dedim axı, özü demişdi ki, bu gün iş olmayacaq. Amma o gün də iş başında olduq. Beləcə, bu altı ildə bir gün belə istirahətimiz olmadı.

Həmin dövr çox çətin və dramatik idi – xüsusilə 1993–1994-cü illər. Mən 1993-cü ilin sentyabrında Prezident Aparatında fəaliyyətə başladım. Bu illər ərzində bir çox mühüm və həlledici hadisələr baş verdi – həm sevincli, həm də ağır günlərimiz oldu. İş rejimi olduqca ağır idi. Prezident təxminən axşam saat 19.00-a qədər Aparatdakı iş otağında olurdu, daha sonra evə gedir, axşam yeməyindən sonra isə yenidən işə qayıdırdı. Gecə saat 2-yə qədər işləyirdi. Gərginlik o həddə idi ki, gecə evə gedərkən belə liftin qabağında son təlimatlarını verirdi.

Bir dəfə dedi ki, günorta imzalaya bilmədiyi sənədlər qalıb və gecə saat 3-də gəl, mən evdə onlara baxım və imzalayım. Mən də evə gedib cəmi bir saat dincəldim və sonra gecə saat 3-də Prezidentin evinə getdim. Onun evindəki kabinetdə sənədlərə baxdıq, bir qismini imzaladı, digərlərində isə düzəlişlər istədi. Həmin gün işimiz səhər saat 05 radələrində başa çatdı.

Bu qədər gərgin iş rejimində Heydər Əliyevin qəbul etdiyi qərarlar təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın taleyini müəyyənləşdirirdi. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr bölgənin geosiyasi mənzərəsini köklü şəkildə dəyişdi. Məhz onun təşəbbüsü ilə Qərb dünyası ilk dəfə olaraq Cənubi Qafqaza maraq göstərməyə başladı –investisiyalar gəldi, strateji müqavilələr imzalandı, enerji resurslarına çıxış təmin olundu. Bu isə eyni zamanda bölgəyə Qərbin siyasi maraqları və təhlükəsizlik tələblərini də gətirdi.

Mən Heydər Əliyevin həmin dövrdəki fəaliyyətini yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün tarixi mərhələ kimi qiymətləndirirəm. O, ölkənin və bölgənin gələcəyini formalaşdıran liderdir.

- Heydər Əliyevin əsas xüsusiyyətləri nə idi?

- Fitri istedad idi, qeyri-adi zəkası vardı. Heydər Əliyevin bacarığı misilsiz idi. Sizə xatırladım: ötən əsrin 80-ci illərində bir çox beynəlxalq ekspert yazırdı ki, əgər Heydər Əliyev türk və müsəlman olmasaydı, SSRİ-yə rəhbərlik edəcəkdi. Qorbaçovun ona qarşı qısqanclığı da məhz buradan qaynaqlanırdı. Qərb mətbuatında dəfələrlə qeyd olunurdu ki, Heydər Əliyev yeni bir dövrün başlanğıcıdır. Onun addımlarını izləyir, davranışlarına, idarəçilik qabiliyyətinə diqqət yetirirdilər. Onun barəsində “bütün siyasətçilərə xas olan keyfiyyətləri özündə birləşdirən nadir şəxsiyyət” kimi fikirlər səsləndirilirdi. Lakin o, türkdür, müsəlmandır. Həmin dövrdə isə rəhbər vəzifələrdə əsasən ruslar və digər slavyan xalqları təmsil olunurdu. Belə bir mühitdə türk, müsəlman olan bir şəxsin Sovetlər İttifaqının rəhbəri seçilməsi həmin dairələrin maraqlarına uyğun gəlmirdi.

Bizim bəxtimiz onda gətirdi ki, Azərbaycan həm erməni işğalı, həm də vətəndaş müharibəsi təhlükəsi ilə üzləşəndə məhz belə bir liderimiz var idi.

- Ulu Öndərin dövlət quruculuğu sahəsində hansı qərarları, sizcə, həlledici rol oynadı?

- O dövrdə baş verən proseslər çox mühüm tarixi əhəmiyyətə malik idi. Heydər Əliyevin apardığı siyasət nəticəsində Qafqazda və bütövlükdə bölgədə geosiyasi balans dəyişdi. Bu proseslər çox həssas və taleyüklü məsələlərin həllində mühüm rol oynadı.

Mənim fikrimcə, 1994-cü ildə iki əsas hadisə Azərbaycanın gələcəyini müəyyənləşdirdi. Birincisi, Ermənistanın hərbi hücumları idi. Təbii ki, torpaqlarımızın işğalının qarşısını almaq, bu hücumlara qarşı dayana biləcək güclü ordu qurmaq zəruri idi. Ancaq qeyd etmək lazımdır ki, bu hücumların arxasında Rusiya dayanırdı. Ermənistanın hücumları Azərbaycanın hərbi və siyasi imkanlarını zəiflətmək, ölkəni Rusiyanın təsiri altına salmaq məqsədi daşıyırdı. Rusiya həmin dövrdə Ermənistana hərtərəfli dəstək verir, təzyiqlərlə Azərbaycanın manevr imkanlarını məhdudlaşdırmaq istəyirdi.

İkinci mühüm məsələ isə Azərbaycanın enerji resursları ilə bağlı idi. Dünyanın aparıcı neft şirkətləri Azərbaycanın neft və qaz yataqları ilə maraqlanırdı. Bu, ölkəyə milyardlarla dollar sərmayə axını demək idi. Həmin dövrdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi gələcəyinin təməlini qoydu. Bu layihə çərçivəsində dünya bazarlarına çıxmaq üçün böyük boru kəmərləri və digər infrastruktur layihələri planlaşdırılırdı. Bu isə həm iqtisadi, həm də siyasi müstəqilliyin əsasını təşkil edəcəkdi.

Ona görə də həmin dövrdə baş verənlər təsadüfi deyildi – hər şey bir-biri ilə bağlı idi. Ermənistan ordusunun 1994-cü ilin yazında Bərdə, Tərtər istiqamətində etdiyi aramsız hücumlar məhz Azərbaycanın əsas nəqliyyat yollarına, xüsusən Bakı-Yevlax-Tiflis xəttinə çıxmaq məqsədi daşıyırdı. Bu yol vasitəsilə Azərbaycanın nefti Gürcüstan üzərindən Türkiyəyə və daha sonra dünya bazarlarına çatdırılmalı idi. Əgər bu yol kəsilsəydi, Azərbaycanın iqtisadi layihələri iflasa uğrayacaqdı.

Rusiya Azərbaycan qarşısında iki əsas tələb irəli sürürdü: birincisi, neft kontraktlarının Qərb şirkətləri ilə deyil, Rusiya şirkətləri ilə bağlanması; ikincisi isə Azərbaycanın ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsinə razılıq verilməsi. Bu tələblər yerinə yetirilsəydi, Azərbaycan faktiki olaraq Rusiyanın nəzarəti altına keçəcəkdi. Neft və qaz resurslarımız ucuz qiymətə Rusiyaya ötürüləcək, Rusiya isə onları yüksək qiymətə dünya bazarına çıxaracaqdı. Bu isə ölkənin milli maraqlarına tamamilə zidd idi.

Əgər Azərbaycan o zaman geri çəkilsəydi, regionun taleyi tamamilə fərqli istiqamətdə inkişaf edəcəkdi. Buna görə də Azərbaycanın verdiyi qərar və göstərdiyi müqavimət təkcə ölkəmiz üçün deyil, bütün Cənubi Qafqaz üçün həlledici əhəmiyyət daşıyırdı.

1994-cü ildə Ermənistan ordusu Bərdə və Tərtər istiqamətində böyük güclə hücuma keçmişdi. İki ay ərzində 5–6 dəfə irimiqyaslı hücumlar həyata keçirildi. Lakin Azərbaycan Ordusu bu hücumların qarşısını uğurla aldı. Həmin günlərdən birində mənə məlumat verildi ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariç təcili şəkildə Prezidentlə görüşmək istəyir. Bu barədə Prezident Heydər Əliyevə məruzə etdim və o, səfiri qəbul etdi. Görüşdə mən də iştirak edirdim. Riçard Kozlariç çox gərgin və narahat görünürdü. O, Heydər Əliyevə bildirdi ki, Vaşinqtondan ona tapşırıq verilib – Prezidentə çatdırsın ki, əgər Azərbaycan Rusiyanın tələblərini qəbul edərsə, ABŞ bunu anlayışla qarşılayacaq. Bu, faktiki olaraq o demək idi ki, ABŞ diplomatik dildə Heydər Əliyevə bildirirdi: “Biz sizə hərbi yardım göstərə bilmərik. Tank göndərməyəcəyik, qoşun yeritmək fikrimiz yoxdur. Rusiyanın qarşısını təkbaşına ala bilməyəcəyiniz üçün əgər onların tələblərini qəbul etsəniz, biz sizi qınamayacağıq”.

Heydər Əliyev isə Kozlariçə qətiyyətlə belə cavab verdi: “Vaşinqtona çatdırın – biz bütün hücumların qarşısını alacağıq, çətinliklərin öhdəsindən gələcəyik və öz planlarımızdan geri çəkilməyəcəyik. Azərbaycanda Rusiya hərbi bazaları yerləşməyəcək və neft kontraktını planlaşdırıldığı kimi Qərb şirkətləri ilə imzalayacağıq”.

Belə də oldu, Azərbaycan Ordusu Tərtər və Bərdə istiqamətində bütün döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirdi. Həmin dövrdə Heydər Əliyevin rəhbərliyi ilə onun kabinetində hərbi müşavirələr keçirilirdi. Bu müşavirələrdə yalnız hərbi rəhbərlik və mən iştirak edirdim, aparat nümayəndələri iştirak etmirdi. Heydər Əliyev şəxsən xəritələr üzərində ordunun mövqelərini, düşmənin haradan hücuma keçdiyini və bu hücumlara necə cavab verildiyini təhlil edir, konkret göstərişlər verirdi. O, əməliyyatlara birbaşa rəhbərlik edirdi.

Nəhayət, erməni ordusu ağır itkilər verərək hücumlarını dayandırmaq məcburiyyətində qaldı. Ermənilər Moskvaya müraciət edərək bildirirdilər ki, artıq hücum imkanları tükənib. Ermənistanda müharibəyə qarşı ciddi etirazlar başladı. Həmin vaxt “Komsomolskaya pravda” qəzeti yazırdı ki, cəbhədən hər gün yüzlərlə cəsəd Ermənistana gətirilir. İrəvan yaxınlığında yeni hərbi qəbiristanlıq salınmışdı, çünki köhnələrdə artıq yer qalmamışdı.

Ermənilər atəşkəs üçün yalvarmağa başladılar və Rusiya da bu tələblə razılaşmaq məcburiyyətində qaldı. Hətta son döyüşlərdə Rusiya özü də birbaşa iştirak edirdi. Onlar Ermənistana öz hərbi bazalarından tanklar verirdilər. Ermənistan isə bildirirdi ki, artıq tankları idarə edəcək ekipajları yoxdur, çünki bütün tank heyətləri məhv edilib. Bu səbəbdən Rusiya tankları ekipajla birlikdə göndərirdi. Tərtər və Bərdə istiqamətində biz bu tankları məhv edirdik və əsir düşən ekipajların hamısının rus hərbçiləri olduğu üzə çıxırdı. Daha sonra Rusiya Prezidenti Boris Yeltsin Heydər Əliyevdən həmin əsir düşmüş rus tankçıların geri qaytarılmasını xahiş edirdi. Bu fakt Rusiya ordusunun təkcə texnika deyil, eyni zamanda canlı qüvvə ilə də münaqişədə iştirak etdiyini göstərirdi.

Mən həmin günlərdə Heydər Əliyevin siyasi iradəsini və uzaqgörənliyini bir daha gördüm. Onun qətiyyəti sayəsində Azərbaycan həm Rusiya təzyiqlərinə, həm də regional təhlükələrə qarşı dayandı və öz strateji yolunu müəyyənləşdirdi. Nəticədə Rusiya atəşkəsə razılıq verdi və irəli sürdüyü bütün şərtlərdən geri çəkilməyə məcbur oldu. Bundan dərhal sonra, 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalandı. Bu müqaviləyə artıq Rusiya müdaxilə edə bilmədi və bununla da Azərbaycanın, eləcə də Cənubi Qafqazın yeni tarixi yazılmağa başladı.

- Bugünkü Azərbaycan siyasətində onun mirasını harada və necə görürsünüz?

- Ümumiyyətlə, Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir. O, həm siyasi, həm iqtisadi, həm hərbi, həm də diplomatik sahələrdə müasir Azərbaycanın möhkəm təməllərini yaratdı. Bu təməl üzərində isə növbəti mərhələdə Prezident İlham Əliyev onun siyasi kursunu böyük məharətlə davam etdirərək ölkəmizi möhtəşəm qələbələrə çatdırdı.

Mən 1993-cü ildən etibarən başlanan prosesi bir tarixi missiya hesab edirəm. Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycana qayıdışı ölkəmizi o ağır və təhlükəli vəziyyətdən çıxarmağa, güclü dövlət qurmağa, ərazi bütövlüyümüzü bərpa etməyə və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutmasına yönəlmiş tarixi missiyanın başlanğıcı idi.

Bu missiyanın əsas hədəfi 2020-ci ildə reallaşdı – Azərbaycan bayrağı Qarabağda - Şuşada, Xankəndidə dalğalandı. Bu zəfər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi idi. Bu yolu bir-birindən ayırmaq mümkün deyil. Əgər 1994-cü ildən etibarən ölkədə sabitlik bərqərar edilməsəydi, düzgün daxili və xarici siyasət yürüdülməsəydi, bugünkü uğurlardan, bu möhtəşəm zəfərdən danışmaq mümkün olmazdı.

Heydər Əliyevin siyasi mirası məhz ondan ibarətdir ki, o, Azərbaycan üçün güclü dövlətçilik ənənəsi, möhkəm təməl və gələcəyə doğru aydın yol qoyub getdi. Biz torpaqlarımızı azad etmişiksə, bu, həmin siyasi xəttin nəticəsidir. İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz bu zəfər – Şuşanın, Xankəndinin, bütöv Qarabağın azad olunması – 1994-cü ildə qoyulan yolun məntiqi sonluğu və zirvəsidir.

Əgər o zaman hadisələr fərqli cərəyan etsəydi, nə bu qələbələr, nə də bugünkü güclü Azərbaycan dövlətindən danışmaq mümkün olardı. Bu baxımdan hesab edirəm ki, 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə başlanan tarixi missiya bu gün də davam edir və Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyır.

Heydər Əliyev barədə bir müsahibədə danışıb qurtarmaq mümkün deyil. O, elə bir tarixi şəxsiyyətdir ki, haqqında danışdıqca daha çox deməyə söz tapırsan.

Mənbə: axar.az