Respublika Gününə həsr olunan onlayn konfrans keçirilib

Respublika Gününə həsr olunan onlayn konfrans keçirilib

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin təşəbbüsü, Azərbaycan ədəbiyyatı və Azərbaycan dilçiliyi kafedralarının təşkilatçılığı ilə “Respublika günü” adlı onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı AMEA Folklor İnstitutunun direktoru, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov açaraq, Azərbaycan Cümhuriyyətinin dini yox, dünyəvi təməllər üzərində qurulan bir dövlət olduğunu xatırladıb. Bildirib ki, dini dəyərlərə böyük ehtiramla yanaşan, bayrağındakı yaşıl rəngin rəmzi mənasına sadiq qalaraq ölkədə İslam dini ilə bağlı qurumların sağlam əsaslarla fəaliyyət göstərməsinə hər cür şərait yaradan Azərbaycan Cümhuriyyətinin özündən əvvəlki Şərq dövlətlərindən mühüm bir fərqi vardı. “Bu ondan ibarət idi ki, Cümhuriyyət dini qurumların siyasi proseslərdə iştirakını nəzərdə tutmurdu, Cümhuriyyət “dindən ayrı” dövlət idi. Azərbaycan Cümhuriyyətinin irəli sürdüyü və ardıcıl olaraq həyata keçirdiyi siyasi kursda ən önəmli məsələlərdən biri milli mədəniyyət məsələsi idi. “Milliyyət din üzərində deyil, dil və mədəniyyət üzərində qurulur” – deyən cümhuriyyətçilər milli şüurun formalaşmasında, müstəqil dövlətçilik ideyalarının cəmiyyətdə tədricən oturuşması və reallığa çevrilməsində ədəbiyyat və incəsənətin rolunu xüsusi qiymətləndirirdilər. Məmməd Əmin Rəsulzadə deyirdi: “Azadlıq və istiqlaliyyət süngülərlə yox, ədəbiyyat və incəsənət vasitəsilə əldə olunur”. “Kültür sinfi deyil, millidir” – deyən Cümhuriyyət liderləri həm məzmun, həm də formaca milli olan mədəniyyətin inkişafı üçün hər cür şərait yaratmağa çalışırdılar. Bakıda milli kitabxananın, milli muzeyin, milli teatrın, milli təhsil ocaqlarının yaradılması Cümhuriyyətin mədəniyyət, elm və təhsil siyasətinin əsas isiqamətlərindən xəbər verən səciyyəvi tarixi faktlardır. Dövlətçilikdə dünyəvi dəyərləri milli dəyərlərlə üzvi şəkildə qovuşduran Cümhuriyyət liderləri bu xətti mədəniyyətə münasibətdə də nəzərə alır və bu istiqamətdə tarixdə iz buraxan mühüm işlər görürdülər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsi, Cümhuriyyətin 100 illiyi münasibətilə ölkədə və dünyada müxtəlif tədbirlərin həyata keçirilməsi bir daha onu göstərir ki, Cümhuriyyət irsinin öyrənilməsi müstəqilliyimizin möhkəmlənməsində rol oynayan amillərdən biridir”, - deyə M.İmanov qeyd edib

Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində gördüyü işlər haqqında danışıb, ayrıca olaraq elm və mədəniyyət yönündəki tədbirlərin qısa icmalını verib.

Sonra tələbələrin məruzələri dinlənilib.

Konfrans məruzələr ətrafında müzakirələrlə davam edib.

Mənbə: azertag.az