“Xalqa şərəflə xidmət et, xalqın qanını sorma...” - deputat

“Xalqa şərəflə xidmət et, xalqın qanını sorma...” - deputat

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Ölkə başçısı yeni icra başçılarına tövsiyələr, tapşırıq və göstərişlər verən zaman diqqətçəkən bir sıra fikirlər səsləndirib.
İ.Əliyev deyib ki, xalq sizdən razı qalsa, mən də razı qalacam. Bu da haqlı olaraq cəmiyyət tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı, müzakirələr doğurub. Vəzifələrə yeni təyin edilən məmurların xalqın razılığını qazanmaq üçün nədən başlamalı olduğu yönündə fikirlər səslənməyə başlayıb. Əslində dövlət başçısının bu cür fikirlərlə yeni və köhnə məmurlara mesajlar ünvanladığı qeyd edilir.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı üç əsas prinsipə toxundu: “Ölkə başçısı idarəçilik sisteminin mahiyyətini, hədəflərini ciddi şəkildə dəyişməkdədir. Onun yeni vəzifəyə təyin etmiş olduğu məmurlara vermiş olduğu tapşırıqlarda mühüm olan bir neçə tezis gedir: ilk növbədə xalqımıza şərəflə, vicdanla xidmət etmək. İkinci mühüm amil dövlətçiliyə sadiq olmaqdır. Üçüncü vacib şərt korrupsiyadan, rüşvətxorluqdan uzaq durmaqdır. Bu üç prinsip əsasında işini quran məmurlar ölkə prezidentinin bu gün yeniləməkdə olduğu Azərbaycanın hədəflərinə çatmasında mühüm rol oynayacaqlar. Ümidvaram ki, yeni təyin olunan məmurlarımız qeyd etdiyim prinsiplər üzərində işlərini quracaqlar. Onların içərisində yeni nəslin nümayəndələri də var. Müstəqil Azərbaycan dövründə formalaşan, yetişən, ölkədəki çətinliklərdən, bürokratik aparatın imkanlarından istifadə edərək, korrupsiya və rüşvətxorluğa bulaşan insanlar deyillər. Mənəvi keyfiyyətlərində də bunu ifadə etmirlər. Ona görə də prezidentin fikirlərində bunları bir daha xatırlatması onlara imkan verir ki, dövlətə vicdanla, şərəflə xidmət etsinlər. Sizin verdiyiniz sualın mahiyyətində o dayanır ki, xalqa şərəflə, vicdanla xidmət edirsənsə, xalqın ehtiyaclarına biganə yanaşmırsansa, dövlətin siyasətini yerlərdə həyata keçirirsənsə, bunu bacarırsansa, deməli, artıq xalqın sevgisini, rəğbətini qazanacaqsan, xalqın razılığını əldə edəcəksən”.
Deputat qeyd etdiyi prinsiplərə əməl edən məmurların prezident tərəfindən hər zaman dəstək aldıqlarını da söylədi: “Təbii olaraq, xalqın sevdiyi, dəstəklədiyi hər bir məmur prezident tərəfindən də məntiqli olaraq müdafiə olunacaq, dəstəklənəcək. Cənab prezidentin söyləmiş olduğu həmin fikirlərin əsasında kifayət qədər ciddi və dərin məna yatır. Onun da açıqlaması budur: xalqa şərəflə xidmət et, xalqın qanını sorma, xalqın ehtiyaclarının içərisində ol, dövlətin müəyyən etmiş olduğu prinsiplərə əməl et. Belə məmur hər zaman xalqın rəğbətini qazanıb. Prezident də daim belə məmurların yanında olub”.
“Yeni Müsavat”

Mənbə: www.dia.az