"ABŞ bu müqavilələrdən çıxmaqla yeni dövrdə Çin üzərində öz hegemonluğunu bərpa etməyə çalışır"-RƏY

"ABŞ bu müqavilələrdən çıxmaqla yeni dövrdə Çin üzərində öz hegemonluğunu bərpa etməyə çalışır"-RƏY

ABŞ Rusiya ilə daha bir müqavilədən çıxır. Prezident Donald Tramp bildirib ki, Açıq Səma Müqaviləsindən çıxacaq.

Ötən ilin fevralında isə ABŞ Rusiya ilə ballistik raket müqaviləsindən çıxıb. Vaşinqton hər iki addımı Moskvanın müqavilə şərtlərini pozması ilə izah edib. Daha sonra isə Rusiya da

1987-ci ildə imzalanmış Orta və kiçik mənzilli raketlərin məhv edilməsi Müqaviləsindən çıxdığını bəyan edib.

ABŞ və Rusiyanın "soyuq müharibə"nin başa çatmasına səbəb olan silah müqavilələrindən çıxması nə mənaya gəlir? Bu vəziyyət yeni bir "soyuq müharibə"yə səbəb ola bilərmi?

Rusiya və ABŞ-ın qarşılıqlı öhdəliklərdən çıxması regionda hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, ABŞ ilə Rusiya arasında strateji silahların məhv edilməsi haqqında sazişdən yəni, Açıq Səma müqaviləsindən ABŞ-ın birtərfli şəkildə çıxması yeni siyasi nizamda ABŞ-ın mövqeyinin daha da güclənməsinə, həmçinin dünyada fövqəlgüclü bir prosesdə özünün rolunu artırmağa planlanır:

"Təbii ki, Rusiyanın Amerikanın bu siyasətinə qarşı münasibəti mənfi olacaq. Xüsusilə ABŞ bu müqavilələrdən çıxmaqla "soyuq müharibə" dövrünə qayıdış prosesinin əsasını qoyur. Amerika qeyd etmək istəyir ki, Çin də bu müqaviləyə qoşulmalıdır amma Çin qoşulmur. Bu, o deməkdir ki, əgər Rusiya ilə Amerika öz silahlarının geniş istehsalını ballistik raketlərlə açıb kosmik havada sınağını, yerləşdirilməsini həyata keçirmirsə bunu Çin edəcək. Ona görə də Amerika bu məsələdə israrlıdır. Məhz Amerika bu müqavilələrdən çıxmaqla yeni dövrdə Çin üzərində öz hegemonluğunu bərpa etməyə çalışır. Çünki Çin çox ciddi şəkildə kosmik fəzada, paralel olaraq qitələrarası ballistik raketlərin istehsalını genişləndirir və kosmosda öz fəaliyyətini daha da inkişaf etdirməyə çalışır. Bu da Amerikanın beynəlxalq maraqları üçün təhdid hesab olunur.

Hesab edirəm ki, strateji silahların azaldılması müqaviləsindən iki tərəfin çıxması regionda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. Həm dünyada silahlanma yarışına start verilir, həm də bizim yerləşdiyimiz mərkəzi Asiyada da bu, problemlər fonunda yeni siyasi-hərbi çağırışlara hazırlıqlı olmalıdır. Çünki Rusiyanın da müəyyən təzyiqləri, eyni zamanda Amerikanın da bizim regiona, Mərkəzi Asiyaya maraqlarının güclənməsi gözlənilir.

Bu istiqamətlərdə öz siyasi-hərbi potensialını artırmaq, xüsusilə hərbi mövqeylərini bu istiqamətdə genişləndirmək üçün ABŞ regionumuza gələ biləcək. Məhz bu müqavilələrin təxirə salınması, əvvəlki "soyuq müharibə" dövrününü qalıqlarıdır və dünya yeni şərtlərə uyğunlaşır. Amerika yeni şərtlərə uyğun həm Rusiya, həm də Çin ilə müqavilələr bağlamaq istəyir. Buna görə də bu müqavilədən çıxdı. Bununla da Amerika yeni dünyada öz mövqeyini, gücünü,hərbi mövcudluğunu dünyanın müxtəlif regionlarında öz inkişaf etdirməklə daha da güclənmək kursu götürüb. Təbii ki, bu proseslər dünyada təhlükəsizlik probleminə yol aça bilər. Rusiya qonşu ölkələrə qarşı siyasi-hərbi aqresiyanı artıra bilər. Amerika bu istiqamətdə Rusiyanın qonşu dövlətlərinə dəstək verəcək.

Həmçinin Çin də regionda Sakit okeanı arealında Amerika ilə münasibətləri kəskinləşə bilər. Hesab edirəm ki, bu müqavilələr beynəlxalq münasibətlər sisteminə siyasi-iqtisadi olaraq ciddi təsir edəcək və mənfi nəticələr olacaq. Bu, 5 il və yaxud 10 ilə yaxın bir proses dönəmidir. Yeni nizam formalaşana kimi beynəlxalq münasibətlərdə bu gərgin problemlər davam edəcək".

F.Ağayeva

Mənbə: sonxeber.az