Muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir

Muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir

Naxçıvan, 23 may, AZƏRTAC

Uşaq hüquqlarının müdafiəsinin hərtərəfli təmin olunması ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının sosial və hüquqi tərəfləri” mövzusunda keçirilən onlayn konfransda səsləndirilib.

Onlayn konfransda çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması ölkəmizdə dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov bildirib ki, muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, yaxşı təhsil almaları, layiqli vətəndaş kimi formalaşmaları istiqamətində bir çox işlər görülür, müasir avadanlıqlarla, kitabxanalarla, idman zalları və müasir kompüter dəstləri ilə təchiz olunmuş yeni-yeni məktəb binaları tikilərək istifadəyə verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib, monitorinq qrupu yaradılıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Reyhan Sadiqovanın “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun” müddəalarının qısa məzmunu”, Həbibə Əliyevanın “Ailə Məcəlləsinin uşaq hüquqları ilə bağlı olan müddəaların şərhi”, Rəşad Allahverdiyevin “Uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün aliment almaq hüququnun qanunvericiliklə tənzimlənməsi” və “Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Gülçin Ağayevanın “Cənubi Afrika və Asiya bölgəsində uşaqların sosial vəziyyəti”, Aysel Abbasovanın “Müasir dövrdə uşaq hüquqlarının ən çox pozulduğu sahələr və bu problemlərin öhdəsindən ən yaxşı gələn ölkələr”, Nuray Hacıyevanın “Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir” mövzusunda çıxışları dinlənilib.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Mənbə: azertag.az