“Azərbaycanda pandemiya şəraitində vətəndaş cəmiyyətinin problemləri” - virtual dəyirmi masa

“Azərbaycanda pandemiya şəraitində vətəndaş cəmiyyətinin problemləri” - virtual dəyirmi masa

Mayın 22-də "Azərbaycanda pandemiya şəraitində vətəndaş cəmiyyətinin problemləri və onların həlli yolları" mövzusunda virtual dəyirmi masada Azərbaycan QHT-lərinin fəaliyyəti yolundakı maneələr müzakirə olunub.

Həm müstəqil, həm də hakimiyyətyönlü QHT-lərin nümayəndələrinin iştirak etdiyi videokonfrans formatında görüşün təşəbbüskarı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) olub.

Görüşü açan RATİ direktoru Emin Hüseynov qeyd edib, ki, pandemiya şəraitində dünyanın müxtəlif ölkələrində QHT-lər fəaliyyətlərini həyata keçirərkən problemlərlə üzləşirlər. Amma Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti institutlarının işi üçün altı ildir maneələr var və onların vəziyyəti gündən-günə pisləşir.

Bir çox görüş iştirakçıları son 6 ildə QHT-lərin faktiki olaraq leqal fəaliyyət göstərə bilmədiklərini qeyd ediblər.

Politoloq Hikmət Hacızadənin fikrincə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına total hücum prosesi Ukraynada "Maydan" hadisələrindən sonra başlayıb.

Onun fikrincə, Rusiyanın müvafiq qurumlarının da təsiri ilə Azərbaycan hakimiyyətində Ukraynada sözügedən hadisələrin Qərb tərəfindən bu ölkənin QHT-ləri vasitəsilə təşkil edildiyi haqqında qəti fikri formalaşıb. Azərbaycan hakimiyyətinin Qərb institutlarının ölkə QHT-lərindən "rəngli inqilab" hazırlanması məqsədilə müxalifətin maliyyələşdirilməsi üçün istifadə edildiyi barədə yanlış rəyi güclənib. Bundan sonra müstəqil vətəndaş cəmiyyəti institutlarına hücumlar başlayıb və onların fəaliyyəti bu günə qədər iflic vəziyyətindədir.

O və digər iştirakçılar eyni zamanda Ədliyyə Nazirliyinin qeyri-ticarət təşkilatlarının, habelə qrant müqavilələrinin qeydiyyatını yubatması ilə əlaqədar leqal fəaliyyət göstərə bilməyən QHT-lərin fəaliyyətinin qarşısının alındığını qeyd ediblər. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi bir sıra qərarlarda birləşmək azadlığının pozulduğunu təsdiq etsə də, hakimiyyət bu qərarları icra etməyib.

2014-cü ildə Baş Prokurorluğun yerli və xarici QHT-lərə qarşı açdığı cinayət işi indiyədək bağlanmayıb, təşkilatların və fəalların dondurulmuş bank hesabları açılmayıb, müsadirə edilmiş əmlak geri qaytarılmayıb.

Digər tərəfdən, Ali Məhkəmənin Plenumunun bu iş üzrə mühakimə edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərova tam bəraət verilməsi haqqında bu yaxınlarda qəbul etdiyi qərar faktiki olaraq QHT-lərin təqibinin əsassız olduğunu təsdiq edib. Çünki bir çox təşkilatlar və fəallar bənzər ittihamlarla təqiblərə məruz qalıb.

QHT-lərin fəaliyyətində qeyd edilən problemlər onları pandemiya şəraitində donorlardan yardım almaq imkanından məhrum edir. Bununla əlaqədar konfransda yerli və beynəlxalq donorlarla birlikdə pandemiya şəraitində QHT-lərə dəstək tədbirlərinin yol xəritəsinin hazırlanması zərurəti qeyd edilib. Bu, əhalinin pandemiya ilə əlaqədar yaranmış problemlərinin həlli üzrə tədbirlərə ictimai dəstək potensialını artırardı.

Görüşdə qeyd edilib ki, ümumiyyətlə QHT-lərin fəaliyyətinin qarşısının alınması ilə əlaqədar Azərbaycan hər il təxminən 40 milyon dollar donor yardımından məhrum olur, bu vəsaitin böyük hissəsi indi regionun başqa ölkələrinə gedir.

Bir çox görüş iştirakçıları pandemiya dövründə hakimiyyətin tənqidçilərinə qarşı repressiyaların güclənməsini pisləyib, xüsusən, müxalif siyasətçi Tofiq Yaqublunun, jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədovun, psixiatriya xəstəxanasına salınmış fəal Aqil Hümbətovun həbsini qeyd ediblər.

QHT-lərin pandemiya dövründə cəmiyyətin problemlərinin həllinə böyük dəstək göstərə biləcəyi, amma bunun üçün hökumətin onların fəaliyyətinə qoyulmuş məhdudiyyətləri aradan qaldırmalı olduğu vurğulanıb.

Hakimiyyətyönlü QHT-lərin nümayəndələri də faktiki olaraq vətəndaş cəmiyyətinin fəaliyyətinə məhdudiyyət qoyulmasının doğru olmadığı ilə razılaşıblar. Amma, onların sözlərinə görə, məhdudiyyətlərə qismən hökumətin "dövlətin təhlükəsizliyinin" qeydinə qalması, "bəzi QHT-lərin siyasiləşməsi" və s. səbəb olub. Hakimiyyətyönlü QHT rəhbərlərinin fikrincə, bütün problemləri birdən həll etmək olmaz və hakimiyyət məhdudiyyətləri tədricən aradan qaldırır.

Xaricdən sığınacaq alan fəallar ölkəyə qayıdıb işlərini davam etdirməyə hazır olduqlarını qeyd ediblər, amma bunun üçün müvafiq şərait olmalıdır - cinayət təqibinə son qoyulmalı, QHT-lərin azad fəaliyyətinə qoyulan məhdudiyyətlər ləğv edilməlidir. Bütün bunlar olana qədər onlar qayıda bilməzlər.

Sonda görüş iştirakçıları vahid mövqe və vətəndaş cəmiyyətinin problemlərinin həlli üzrə konkret təkliflər hazırlamaq və onları hökumətə təqdim etmək məqsədilə öz aralarında məsləhətləşmələri davam etdirmək zərurəti olduğu barədə ortaq nəticəyə gəlib.

Mənbə: www.amerikaninsesi.org