Elçin Mirzəbəyli: “Azərbaycan heç bir məsələdə müdafiə mövqeyində dayanmamalıdır”

Elçin Mirzəbəyli: “Azərbaycan heç bir məsələdə müdafiə mövqeyində dayanmamalıdır”

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etməsindən sonra günlərdir davam edən etirazlar səngimir. Xüsusilə erməni baş nazirin Cümhuriyyətimizin yaradılmasının 102 illiyi, yəni 28 May - Respublika Günü ərəfəsində belə gülünc fikirlər səsləndirməsi məsələnin aktuallığını saxlamağa səbəb olub.

Paşinyana ən tutarlı cavabın 28 Mayda verilməli olduğu yönündə çoxsaylı çağırışlar yer almaqdadır. Xüsusilə Rəsulzadə haqqında dediklərindən sonra 21 mayda qondarma "Dağlıq Qarabağ Respublikası"nda saxta prezidentin "andiçmə" mərasiminin keçirilməsi və həmin tədbirə erməni baş nazirin də qatılması bu günlərdə Azərbaycan tərəfdə qəzəbi daha da artırıb.

Lakin BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli fərqli düşünür: "28 May - Respublika Günü 50 milyonluq Azərbaycan xalqı üçün müqəddəs bir gündür və belə bir gündən Paşinyana cavab üçün istifadə edilməsini məqbul hesab etmirəm. Ümumiyyətlə, biz heç bir məsələdə müdafiə mövqeyində dayanmamalıyıq. Ermənistanı daim həm informasiya, həm siyasi, həm də hərbi təzyiq altında saxlamalıyıq. Ermənilərin faşistlərə olan sevgisini ifşa etməklə prezident İlham Əliyev hər kəsə nümunə göstərdi. MDB dövlət və hökumət başçılarının Aşqabadda keçirilən zirvə toplantısında, hər kəsin gözü qarşısında Ermənistanın illər boyu apardığı təbliğatı darmadağın etdi və baş nazir Paşinyanı acınacaqlı duruma saldı. Münhen konfransındakı debatda da Azərbaycan prezidentinin Ermənistanın baş nazirini necə darmadağın etdiyi hər kəsin yadındadır. Bütün bunlar Ermənistana informasiya savaşında qalib gəlməyin mümkünlüyünü isbat edən nümunələr idi. Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayındakı nitqindən bir iqtibas gətirmək istəyirəm. "Mən xaricdə çalışan səfirlərimizlə görüşlərdə həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır". 2011-ci ildən sonra diplomatiyada, informasiya savaşında hücum meyilləri olsa da, bu prosesdə müvafiq qurumlar tərəfindən ciddi, tutarlı nəticələr əldə olunmadı. Və cənab prezident özü nümunə göstərdi, diplomatiyada, informasiya savaşında hücum taktikasının necə seçilməli olduğunu nümayiş etdirdi. Ermənistan, erməni diasporu xeyli müddətdir ki, bu məğlubiyyətin əvəzini çıxmağa, Azərbaycan prezidentinin dünyaya təqdim etdiyi tutarlı faktları təkzib etməyə çalışır. Biz Paşinyanın boşboğazlığına cavab vermək barəsində deyil, erməniləri ifşa edəcək, onları müdafiə olunmağa məcbur edəcək faktlar haqqında düşünməliyik. Elə etmək lazımdır ki, Ermənistan özünün bütün gücünü Azərbaycanın sürətli, çevik və tutarlı hücumlarına cavab verməyə sərf etsin. Onlara ayılmaq, özlərinə gəlmək üçün imkan və vaxt tanımaq lazım deyil".

 

Mənbə: olaylar.az