Prezident rüşvətə qarşı əmin mübarizə getdiyini bir daha göstərdi – Yeni başçı həbsləri olacaq

Prezident rüşvətə qarşı əmin mübarizə getdiyini bir daha göstərdi – Yeni başçı həbsləri olacaq

Seyid Camal Əzimbəyli: “Kimliyindən asılı olmayaraq pozuntulara yol verənlər layiqli cazasını alacaq”

“Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib”. Bunu Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən deyib.

Ölkə başçısı sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxunub: “Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub. Bu barədə ictimaiyyətə məlumat verilib. İndi istintaq gedir və hüquq mühafizə orqanları hər şeyi müəyyən edəcək. Artıq ictimaiyyət məlumatlandırılıb. Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”.

Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, yeni həbslər olacaq. Ciddi pozuntulara yol verən vəzifəli şəxslər öz cəzasını alacaq. Bu da onu göstərir ki, ölkədə rüşvətxorluqla mübarizənin əməli xarakteri dönməz şəkil alır. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?

“Azərbaycanda bu kimi neqativ halların aradan qaldırılması ölkənin davamlı və dayanıqlı inkişafına xidmət edir”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli ölkə başçısının bu istiqamətdə sərgilədiyi qətiyyətli siyasəti alqışladığını bildirdi: “Bəli, yeni həbslərin olacağı istisna deyil. Kimliyindən asılı olmayaraq pozuntulara yol verənlər layiqli cazasını alacaq. Çünki qanun qarşısında hamı bərabərdir. Ölkə başçısının məqsədi rüşvətxorluğun kökünü kəsməkdir. Azərbaycanda bu kimi neqativ halların aradan qaldırılması ölkənin davamlı və dayanıqlı inkişafına xidmət edir. Nəzərə almaq lazımdır ki, sözügedən məsələdə Prezident İlham Əliyevin sərgilədiyi qətiyyət mövqe ictimayət tərəfindən böyük böyük rəğbətlə qarşılanır. O baxımdan hesab edirəm ki, prosesin davam edəcəyi gözlənilir. Bu da bütövlükdə ölkənin inkişafına xidmət edir. O üzdən, bununla bağlı aparılan siyasəti dəstəkləyirəm”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com