“Azərbaycanda həmrəylik Sizin güclü Lider olduğunuzun sübutudur” Vətəndaşlar yazır

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

SİA dövlətimizin başçısına ünvanlanan bir neçə məktubu təqdim edir.

Bakı şəhəri Binəqədi rayonu sakini, ehtiyatda olan zabit Rüfət Rəşidov ölkə başçısına minnətdarlığını belə ifadə edir: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Bu gün bəşəriyyəti ağır sınaq qarşısında qoyaraq dünyanı təhdid edən COVID-19 pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün verdiyiniz qətiyyətli göstərişləriniz bizi əmin etdi ki, xalqımız bu virusdan az zərərlə qurtulacaq. Sizin COVID-19 pandemiyası dövründə söylədiniz "Biz birlikdə güclüyük!" çağırışınız hər bir vətəndaş kimi, mənə də qürur hissi yaşatdı və ruhlandırdı. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın etdiyiniz kömək sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz operativ işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu epidemiyadan az itkilərlə çıxarmağa zəmin yaradır. Möhtərəm cənab Prezident, əhaliyə göstərilən dəstək, verilən yardımlar və açılan yeni maska istehsalı müəssisəsi sübut edir ki, Siz həqiqətən də bu millətə, bu xalqa və Azərbaycana gərəksiniz. Bütün bu uğurlu işlərinizə görə şəxsən öz adımdan və ailəmin adımdan Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildirir, bu şərəfli və çətin yolda Sizlərə uğurlar arzulayıram".

Göygöl rayon sakini Vüqar Əsgərovun məktubunda deyilir: "Hörmətli cənab Prezident. 2020-ci ilin faciəsi olan və bu günədək yüzlərlə dövlətlərin iqtisadiyyatını sarsıdan, milyonlarla insanların təşviş və qorxu içində yaşamasına səbəb olan COVID-19 virusu Azərbaycan dövlətindən də yan keçməyib. Bu çətin dövrdə Azərbaycan xalqı şəxsən Sizin və iqtisadiyyatı güclü olan dövlətimizin dəstəyini gördü. Ehtiyacı olan hər bir ailə Sizin uğurlu siyasətiniz sayəsində maddi ödənişlər və ərzaq yardımları alır. Buna görə Sizə təşəkkür edirəm".

Salyan rayon sakini Təhminə Kərimova yazır: "Dünyanı bürüyən bu virus bizim ölkəmizdən də yan keçmədi. Böyük dövlətlərin belə bu xəstəliyin qarşısında aciz qaldığını gördük. Siz istər gəncləri, istər yaşlıları, istərsə də uşaqları qorumaq üçün əlinizdən gələni əsirgəmədiniz. Sizin xalqa çağırışınız, verdiyiniz qərarlar, sərhədlərin vaxtında bağlanması, dövlətin bütün güc strukturlarının bu işlərə cəlb olunması sayəsində ölkəmizdə bu virusun yayılma coğrafiyası genişlənmədi. Buna görə Sizə təşəkkür edirik. Bu ağır günlərdə xalq və Prezident həmrəyliyi Sizin güclü Lider olduğunuzun sübutudur. Biz hər zaman Sizinləyik, cənab Prezident".

Sia.az

ƏVVƏLKİ XƏBƏR

"Siz hər bir insanın taleyini dövlətin ümdə işinə çevirmisiniz" Prezidentə Minnətdarlıq

SONRAKI XƏBƏR

Bakı sakinindən LİDERƏ: “Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz”