“Signify” kimi şirkətlər etibarlı dövlətlərdə iş görürlər - Deputat

“Signify” kimi şirkətlər etibarlı dövlətlərdə iş görürlər - Deputat

“Signify” Şirkətinin Azərbaycana maraq göstərməsi, şirkət rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmaq cəhdləri, videkonfrans keçirilməsi və bir sıra məsələlərin müzakirə edilməsi əhəmyyətli hadisədir. Videokonfransdan da göründü ki, bu məşhur şirkətin rəhbərliyi Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətə yüksək qiymət verir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin “Signify” Şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meniceri Erik Benedetti və şirkətin digər nümayəndələri ilə keçirdiyi videokonfrans haqqında danışarkən deyib.

Elman Məmmədov bildirib ki, bütün bunlar təsadüfi deyil:

“Əvvəla ictimaiyyət bilir ki, bu sıradan bir şirkət deyil. Əksinə, dünyada tanınan, nüfuzlu,1891-ci ildə yaradılan və hazırda dünyanın 74 ölkəsində fəaliyyət göstərən, habelə 140 ölkədə xidmət və satış həyata keçirən məşhur firmadır".

Deputatın sözlərinə görə, belə şirkətlərin Azərbaycana gəlməsi mühüm addımdır:

“Kiçik şirkətlər onlar fürsətçil olur və nəsə qazanmaq üçün özlərini hər yerə vururlar. Ancaq belə böyük, imkanlı şirkətlər etibarlı dövlətlərdə iş görürlər. Səbəbi də odur ki, sərmayələri batmasın. Belə böyük biznes qurumları Azərbaycana gəlməzdən əvvəl bizim ölkə haqqında bütün məlumatları öyrənirlər. İlk növbədə ölkəmizdə siyasi vəziyyətin necə olması, təhlükəsizlik, stabillik, sabitlik necədir məsələsini araşdırırlar. Habelə Azərbaycana gələn xarici şirkətlərin, şəxslərin təhlükəsizliyinin təminatı, ölkənin inkişafı, maliyyə vəziyyəti kimi halları nəzərə alırlar. Ən əsası isə Azərbaycanın etibarlı tərəfdaş olub-olmadığı araşdırılır, öyrənilir. Məhz bu məsələlərdə Azərbaycanda problem olmadığı üçün həmin şirkət Azərbaycana gəlir, bizimlə əməkdaşlığa can atır. Mən bir vətəndaş kimi bunu alqışlayır və sevinirəm”.

Mənbə: teleqraf.com