ABŞ mediasında Qarabağla bağlı məqalə yayımlanıb

ABŞ-ın “Eurasia Review” saytında “ Liberal dəyərlər işğala və etnik təmizləməyə əsaslana bilməz” sərlövhəli məqalə yayımlanıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müəllifi olduğu məqalədə Azərbaycanın işğal edilmiş ərazilərində “fəaliyyət göstərən” separatçı rejimin son qanunsuz addımlarından bəhs edilir:

Erməni işğalçıları bu il mayın 21-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunda “yeni seçilmiş lideri”in qondarma andiçmə mərasimini keçirib. Bu, Azərbaycanın işğal altındakı bölgəsində martın 31-də və aprelin 14-də keçirilmiş qeyri-qanunu “seçkilər”in nəticəsidir. Beynəlxalq aktorların, əksər ölkənin qınadığı bu “seçkilər” Azərbaycanın işğal altındakı ərazilərdə yaradılmış qeyri-qanuni siyasi strukturun legitimləşdirilməsinə uğursuz cəhddən başqa bir şey deyil. Eyni zamanda, o, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də ziddir.

Bundan başqa, qondarma “seçki”nin keçirilməsi üçüm seçilmiş vaxt belə, çox tənqid edilirdi. Məsələ ondadır ki, “seçki”dən az öncə Qarabağ regionunda koronavirusa yoluxma halları qeydə alınmışdı. Amma bu, bölgədə qurulmuş qondarma hakimiyyəti maraqlandırmırdı. Hər halda, o, xəstəliyin yerli əhali üçün ciddi təhlükəyə çevrilə biləcəyinə əhəmiyyət verməyib. Lakin bu, tənqidlərə məruz qalmış “seçki” ilə bağlı yeganə mübahisəli məqam deyil.

“Seçkilər”in keçirildiyi regionda bir zamanlar yerli əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Lakin onlar zorakı etnik təmizləmə nəticəsində regiondan qovulub və bu gün də doğma evlərinə qayıda bilmirlər. Bu vəziyyət BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə rəğmən, dəyişməyib. Halbuki, həmin qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarılması tələb olunur. Bu qətnamələrə əməl olunmasını ayrı-ayrı beynəlxalq qurumlar da tələb edir. Avropa Parlamentinin 2013-cü il oktyabrın 23-də qəbul etdiyi qətnaməni misal göstərmək olar.

Azərbaycan hökuməti məhz bu qətnamələrə istinad edərək, qondarma seçkini qınayıb: “Bölgədə hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma evlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkündür”.

Sözügedən “seçkilər”i Avropa İttifaqı, Qoşulmama Hərəkatı, NATO, ATƏT və digər təşkilatlar daxil olmaqla, beynəlxalq ictimaiyyətin vacib üzvləri rədd edib. Onlar Azərbaycanın narahatlığına şərik çıxaraq, qondarma seçkiləri tanımadıqlarını bəyan ediblər. Məsələn, Avropa İttifaqının bəyanatında deyilir ki, təşkilat qondarma “prezident və parlament seçkiləri”nin keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır.

Aİ-nin bu mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi funksiyasını yerinə yetirən əsas beynəlxalq institut – ATƏT-in Minsk qrupu tərəfindən də dəstəklənib. Qurumun həmsədrlərinin bəyanatında deyilir ki, “onlar bu “seçkilər”in nəticəsinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edəcəyini düşünmürlər”.

Lakin beynəlxalq təşkilatların bu düzgün reaksiyası qüvvələrin gözləntilərinə cavab vermir. Onlar hesab edir ki, “Avropa İttifaqı və demokratiyanın digər tərəfdarlarının təbii və məntiqi öhdəlikləri var: onlar bütün demokratik hərəkatları dəstəkləməli və həmrəylik nümayiş etdirməlidirlər”.

Bu fikirdə olanlar həm yuxarıda qeyd edilən beynəlxalq sənədlərə, həm də vahid vətəndaşlıq prinsipinə bilərək məhəl qoymur. Halbuki, vahid vətəndaşlıq prinsipi elə demokratik siyasi sistemə yol açır.

Həqiqət ondan ibarətdir ki, ermənilər Dağlıq Qarabağ regionunun yerli icmasının “arzuolunmaz” seqmentini, yəni etnik azərbaycanlıları oradan qovmaqla, onların fundamental hüquqlarını pozub. Odur ki, bu gün Dağlıq Qarabağ regionunda demokratiyadan danışmaq mümkün deyil!

Ekspertlərdən biri deyir ki, “Dağlıq Qarabağ regionunda indiki şəraitdə demokratiyanın qurulmasına cəhd insanlıq tarixinin qaranlıq səhifələrini xatırladır. Həmin “qaranlıq” dövrdə insan haqlarından danışan zaman irqi və ya etnik kimlik əsas götürülürdü və bu haqlardan əhalinin yalnız bir qrupu istifadə edə bilirdi”.

Dağlıq Qarabağı münaqişənin “üçüncü tərəfi” kimi göstərməyin özü də liberal dəyərlərin təhrifidir. Təəssüf ki, bu yanaşma bəzən bir neçə beynəlxalq QHT və ya media tərəfindən inklüzivlik adı altında təbliğ edilir. Ümumiyyətlə, Qərbdən olan bəzi ekspertlər postsovet ölkələrindəki münaqişələrlə bağlı ikili standart nümayiş etdirir. Məsələn, onlar Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirsə, Ermənistan-Azərbaycan münaqişəsinin müzakirəsi zamanı nədənsə ərazi bütövlüyü prinsipini unudurlar. Ola bilsin ki, onlar din amililə əlaqədar belə danışır, yaxud, bəzi şərqşünasların (məsələn, Eduard Səid) təsirinə düşürlər. İstənilən halda, belə yanaşma Azərbaycan cəmiyyətini Qərbdən daha da uzaqlaşdırır, mühafizəkar siyasətçilərin əlinə oynayır.

Bir sözlə, işğal altındakı ərazilərdə liberal dəyərlərdən danışmaq absurddur. Bu dəyərlər azərbaycanlıların Dağlıq Qarabağdan qovulması faktı ilə ziddiyyət təşkil edir.

Görünən isə odur ki, beynəlxalq ictimaiyyət, həmçinin bəzi beynəlxalq ekspertlər Dağlıq Qarabağ münaqişəsi, o cümlədən digər etnik-ərazi münaqişələrilə bağlı yalnış mövqelərindən dönməzlərsə, prinsipiallıq göstərmək əvəzinə “neytrallığa” üstünlük verərlərsə, sülhün əldə edilməsi çətin olacaq.”

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Xalqqazeti.com

ƏVVƏLKİ XƏBƏR

Məscidlərdən gələn səs insanları ŞOKA SALDI - VİDEO

SONRAKI XƏBƏR

"Trabzonda yanaraq ölənlər Azərbaycan vətəndaşı deyil" - RƏSMİ