"Qoruyucu maskalardan, əlcəklərdən istifadə etmək, məsuliyyətli olmaq lazımdır"-Deputat

"Qoruyucu maskalardan, əlcəklərdən istifadə etmək, məsuliyyətli olmaq lazımdır"-Deputat

Koronavirus pandemiyası ilə bağlı karantin qaydaları yumşaldıqca, cəmiyyətdə bu bəlaya qarşı laqeydlik daha da artır. Şəhərlərdə hərəkət sərbəstliyindən sonra maska və digər qoruyucu tədbirlərə diqqətin azaldığı müşahidə olunur. Halbuki karantin tədbirlərinin yumşalmasından sonra xəstəlik birdən-birə yox olmadığı üçün insanların ictimai yerlərdə daha diqqətli olması lazım idi. Lakin əksi müşahidə olunur. Bu isə özünü yoluxma statistikasında göstərir. Bu vəziyyətin yaranmasında bir neçə amilin xüsusi rolu var. Birincisi, bütün dünyada koronavirus mövzusunda ən ciddi problemə çevrilən "sui-qəsd nəzəriyyələri". Sosial şəbəkə və qismən də ənənəvi mediada koronavirusla bağlı yüzlərlə "sui-qəsd" nəzəriyyələri meydana çıxıb və nəticədə insanlarda bu xəstəliklə bağlı şübhə v tərəddüdlərə səbəb olub. Dünyada 5 milyondan çox, Azərbaycanda isə 4 minə yaxın insanın yoluxmasına, 46 nəfərin ölməsinə baxmayaraq hələ də insanlarda şübhə, inamsızlıq var. Bu məsələdə xüsusən də sosial şəbəkələrin günahı böyükdür.
İkinci mühüm amil insanların zamanla arxayınlaşması, laqeydləşməsidir. Xüsusən də azərbaycanlıların öz səhhətlərinə laqeyd münasibəti koronavirus dövründə ortaya çıxdı. İnsanlar hər gün edilən xəbərdarlıqlara baxmayaraq ictimai yerlərdə zəruri müdafiə tədbirləri görmür, elementar sosial məsafə qaydalarına əməl etmirlər. Məhz bu səbəbdən də karantin tədbirlərinin yumşalmasından sonra Azərbaycanda xəstəliyə yoluxma sayında artım müşahidə olunub.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda karantin rejiminin hədsiz yumşalması yoluxma sayının artmasına oldu: "Bizdə bütün faktorlar maarifçiliklə deyil, qorxu ilə baş verib. Təəssüf ki, maarifçiliklə nəyisə dəyişməyimiz qəbul edilmir. Koronavirus məsələsində də ilk olaraq maarifçilik işləri aparıldı. Lakin insanlarımız bu xəstəliyi mənasız olduğunu qeyd edərək öz həyatlarını yaşayırlar. Karantin rejiminin qaydaları marketlər, nəqliyyat, geyim mağazaları və digər yerlərdə demək olar ki, qorunmur. Bundan əlavə vətəndaşlarımız qoruyucu tibbi maskalardan, əlcəklərdən demək olar ki, istifadə etmirlər. Təbii ki, bu da Azərbaycanda koronavirusun daha çox yayılmasına və yoluxanların sayının artmasına səbəb olacaq. İnsanlarımızı bu virusa qarşı daha duyarlı olmağa, qoruyucu maskalardan, əlcəklərdən istifadə etməyi məsləhət görürəm. Çünki onların bu məsuliyyətsizliyi daha böyük fəsadlara səbəb ola bilər. Ona görə də bu məsələdə məsuliyyətli olmalı, Operativ Qərargahın qərarları və tövsiyyələrinə əməl edilməlidir. Çalışmalıyıq ki, həkimlərimizi əlavə əziyyətə salmayaq".

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az