"Təəssüf ki, ölkə vətəndaşlarının bir qismi hələ də pandemiya ilə “zarafat" etməkdədirlər"

"Təəssüf ki, ölkə vətəndaşlarının bir qismi hələ də pandemiya ilə “zarafat" etməkdədirlər"

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 13.05.2020-ci il 16:00-da Real TV ilə birgə təşkil etdiyi "Evdə qalaq, bilgi alaq!” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində “Koronavirus həmrəyliyi, beynəlxalq təcrübə” mövzusunda videokonfrans keçirildi.

Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Polşa, Bosniya və Herseqovina, Ukrayna, Slovakiya və Yunanıstanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak edəcəyi videokonfransda koronavirusun (COVID-19) yaratdığı fəsadlar və dünya ölkələrinin bu pandemiyaya qarşı birgə mübarizəsi müzakirə edildi, həmrəyliyin daha da artırılması ilə bağlı çıxışlar edildi.

Şuranın katibi Nərgiz Xələfin moderatorluğu ilə keçirilən beynəlxalq videokonfrans Şuranın feyzbuk səhifəsində canlı yayımlandı.

Bu dəfə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyiyinin təqdimatında təbliğimizin istiqaməti tamamilə başqa bir istiqamətə - dünyanı lərzəyə gətirən KORONAVİRUS pandemiyasına qarşı birgə mübarizə oldu.

“Koronavirus pandemiyası fonunda dünya iqtisadiyyatı 2020-ci ildə 3,2 faiz azalacaq”. İctimai Birliyin sədri Cəmilə Çiçək çıxış edərək, bu fikir BMT-nin "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri" hesabatında yer almışdır. Cari ildə qlobal bazarda tələbatın kəskin şəkildə azalması və beynəlxalq təchizat zəncirlərində fasilələr yaranması üzündən qlobal ticarətin, demək olar ki, 15 faiz azalması proqnozlaşdırılır. BMT-nin gözləntisinə görə, yaxın iki ildə pandemiya qlobal iqtisadiyyatı 8,5 trilyon dollar azaldacaq və bununla əvvəlki dörd ilin bütün nailiyyətlərini heçə endirəcək. Beynəlxalq təşkilat xəbərdarlıq edir ki, bu, 1930-cu illər böhranından bəri dünya iqtisadiyyatda ən genişmiqyaslı tənəzzül olacaq.

Hesabatda deyilir ki, 2020-ci ildə təxminən 34,3 milyon nəfər koronavirus üzündən ifrat yoxsulluq həddindən aşağıda olacaq. Sənədin müəllifləri əlavə etmişlər ki, bu göstəricinin yarıdan çoxu Afrika ölkələrinin payına düşəcək.

Yaxşı bilirik ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən tədbirlər Prezident İlham Əliyevin nəzarətində olması məsələnin çox ciddiliyindən xəbər verir. Dövlətimizin başçısının da dəfərlərlə xüsusi qeyd etdiyi kimi, burada hakimiyyət-xalq birliyi, həmrəyliyi çox böyük önəm daşıyır.

Təəssüf ki, ölkə vətəndaşlarının bir qismi hələ də dünyanı bürüyən bu pandemiya ilə “zarafat etməkdə”, tətbiq olunan qayda və qadağalara biganə olmaqla, yoluxmanı artırdıqlarının fərqində deyil. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, COVID-19 koronavirus pandemiyası ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks tədbirlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin də mühüm əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin imkanlarının daha da genişləndirilməsi, çarpayı sayının artırılması baxımından da müstəsna rol oynayır. Hazırda ölkə ərazisində, ümumilikdə, modul tipli daha 9 xəstəxana kompleksi quraşdırılmaqdadır ki, onlardan daha biri Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda istifadəyə veriləcək. Bunlardan sonra ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq ki, bu da pandemiyanın geniş yayılmasının qarşısının alınmasında olduqca vacib hesab edilir.

Koronavirusun sərhəd tanımaması ona qarşı mübarizənin daha da intensiv, güclü, təxirəsalınmaz spesifik və profilaktik tədbirlər aparılmasını zərurətə çevirib. Azərbaycan Prezidenti ilk yeni modul tipli xəstəxananın açılışı zamanı məsələnin bu tərəfinə diqqət yetirərək qeyd etdi ki, biz əsas diqqətimizi vəziyyəti nəzarətdə saxlamaqda görürük və birinci mərhələdə buna nail ola bilmişik: “Ona görə kompleks tədbirlərin görülməsi, o cümlədən karantin rejiminin tədricən vəziyyətə uyğun olaraq qüvvəyə minməsi, onun sərtləşdirilməsi və son günlər ərzində yumşaldılması - bütün bunlar ölçülüb-biçilmiş addımlardır”.

Bu günlərdə ölkə əhalisinin əksəriyyətinin Azərbaycan Prezidentinin ünvanına yazdığı təşəkkür dolu məktublar bir daha təsdiqləyir ki, hər iki tərəfin bir-birinə məhəbbəti yetərincədir. Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə “ayaq açıb” yayılmasının qarşısının alınmasında dövlət başçısının təşəbbüsü və qəbul etdiyi təxirəsalınmaz qərarlar artıq öz müsbət nəticəsini göstərir. Virusa yoluxmalar gündən-günə azalmaqda, sağalaraq ailəsinə yenidən qovuşan xəstələrin sayının artması müşahidə olunmaqdadır. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın məlumatlarında təhlükədən yavaş-yavaş uzaqlaşmağımızı təsdiqləyən faktlar da az deyil.

Məhz buradan yaranan sevinci xalqımız daim onların qayğısını çəkən, həyatlarının daha da firavan olmasına çalışan dövlət başçısına minnətdarlıq dolu məktubları vasitəsilə də bölüşür.

Məktubların müəlliflərinin daha çoxunun gənclərdən ibarət olması da təsadüfi deyildir. Azərbaycan Prezidenti daim öz çıxışlarında gəncliyə güvəndiyini, onların daima yanında olduğunu bildirir. Dövlət gənclər siyasətinin yeni nəsilin milli-mənəvi ruhda tərbiyə olunması, onların idarəetmə strukturlarında məsul vəzifələrə irəli çəkilməsi, təbii ki, cavabsız qala bilməz. Buna görə də gənclər koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində bir daha öz Prezidentinin çağırışlarına səs verərək, könüllülük prinsipi əsasında sosial yardımların göstərilməsində var qüvvələri ilə çalışır, onlara göstərilən inam və etibarı saxladıqlarını əməli fəaliyyət şəklində təsdiqləyirlər.

Əlirza İSBƏNDİYAROV

 

Mənbə: moderator.az