Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq - ACI REALLIQ...

Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq  - ACI REALLIQ...

Biz artıq 2020-ci ilə gəlib çıxmışıq. Paşinyanın fikri artıq hamıya bəllidir. O torpaqlar məsələsinə başını soxmaq istəmir. Bu iş onluq deyil. O, özünə əlavə problem yaratmaq fikrində deyil. Danışıqlar prosesi gedir bəsdir. Bu erməni xalqının məsələsidir. Çünki erməni xalqı artıq təkcə Dağlıq Qarabağı deyil, indi həm də DQ ətrafındakı yeddi rayonu da özününkü sayır. Hətta DQ-ın Azərbaycandan ayrılmasına aparan həll bu torpaqların bir qismindən çıxmağı tələb etsə də, xalq ona da razı deyil. O da kı, xalqın iradəsi əleyhinə getməz.

Çünki xalq iradəsi ilə hakimiyyətə gəlib. Paşinyanın məqsədi,özü üçün ölümcül nəticələnə bilən bu işə girməməkdir. O biri tərəfdən də, Kocaryan-Sarkisyanın Qarabağ klanı da pusquda dayanıb. Ona görə də özünün bu iki ildə heç bir danışıq aparmadığını və ortada heç bir sənədəin olmadığını cəmiyyətə açıq şəkildə elan edir. Sadəcə, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəndə, yemək vaxtı bu haqda söhbət edir. Dediyi də doğrudur. Özü heç bir sənəd ətrafında danışıq aparmayıb. Beləliklə, iki il belə başa vuruldu. Və onun üçün uğurla başa vuruldu. Bu il də koronavirusun şərəfinə getdi. Sonrakı illərdə də.., Məmmədyarov sag olsun, onunla proses davam etdiriləcək.

Əksinə, Paşinyan erməni strategiyasını uğurla davam etdirir. Məqsəd Azərbaycanın “sevdiyi” danışıqlar prosesini davam etdirmək və həm Azərbaycanı, həm də beynəlxalq birliyi mövcud reallıqla, E. Məmmədyarovun dili ilə desək, status kvo ilə razılaşdırmaqdır. O biri tərəfdən Paşinyan atəşkəs xəttində tam sakitliyi təmin edib. Ön xəttini yeni yeni tunellerlə,istehkamlarla möhkəmlədib, ən müasir müşahidə qurğuları ilə təmin edib. Artıq özlərinin dediyi kimi, Azərbaycan ordusunun bütün yerdəyişmələrini, hətta Bərdənin küçələrində əhalinin yerdəyişmələrini Yerevanda oturub Müdafiə Nazirliyində izləyə bilirlər. Ordusunu ən müasir silahlarla təmin etmək yolunu tutub və bu iki ildə bu istiqamətdə həm müasir təyyarələr, həm müasir hücum silahları və həm də hava hücumundan müdafiə sistemləri ilə təmin edib.

Bu il də pandemiya ilidir və hələ də sonu bilinmir. Ən uzağı E.Məmmədyarovla da bir dəfə görüşməklə bu ili də başa vuracaqlar. Bir müddət sonra da Ermənistanda yeni seçkilər olacaq. Seçkilərdən öncə və sonrasını toplasaq bir il də belə gedəcək. Seçkilərin nəticələri ilə bağlı hakimiyyət dəyişəcək, dəyişməsə də daha da güclü müxalifətlə Paşinyan yenidən seçiləcək. Və bu məsələ Ermənistanın daxili siyasətinin 1 nömrəli məsələsi olaraq qalacaq və demokratiya dərinləşdikcə heç bir erməni hakimiyyəti bu işdə sərbəst hərəkət edə bilməyəcək. Çünki demokratik parlamentdə hər kəs əksinə Azərbaycana qarşı ən radikal addımlar atmaq üstündə yarışa girəcək. Bu da daha çox işğal ərazilərində məskunlaşma ilə bağlı olacaq. Baxın İsrail parlamentinə. Eynilə İsrailin Fələstində məskunlaşma siyasətinin kopiyası olacaq. Önümüzdəki on il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq. Bu həm yeni seçilmiş DQ liderinin strateji proqramıdır və həm də Rusiyadakı və Amerikadkı erməni milyonçularının bu məsələni sponsorluq etmək vədləridir. Daha çox İranla sərhəd bölgələri və Qubadlı və Zəngilanın çay qovşaqlarında və Kəlbəcərdə məskunlaşma artan istiqamətdə olcaq. Bu da təbii prosesdir. İşğal uzandıqca məskunlaşma genişlənir və sahədə yeni vəziyyət yaranır. Qubadlı və Zəngilan camaatına da Sumqayıtətrafı sahələrdə evlər tikiləcək. Azərbaycanın Qarabağ məsələsi də belə həll olunacaq. Bizə də Bakıda vəd veriləcək ki, gün gələcək Qarabağa gedəcəyik (alacağıq yox, gedəcəyik). Onsuz da deyilir ki, İrəvan da bizimdir.

Moderator.az-ın analitik qrupu

Mənbə: moderator.az