Ənənəvi tədrisə son: “Təhsil inqilabı"na" hazırıq?

Ənənəvi tədrisə son: “Təhsil inqilabı"na" hazırıq?

Koronavirus pandemiyasının gündəmə gətirdiyi məsələlərdən biri də məsafədən təhsil oldu.
Karantin dövründə hansı ölkənin fövqəladə vəziyyətdə təhsili davam etdirmək imkanına malik olduğu ortaya çıxdı. Artıq növbəti tədris ilindən təhsilin necə davam etdirilməsi məsələsi əsas müzakirə obyektdir. Bəzi universitetlər distant təhsili davam etdirmək niyyətindədirlər.
Məsələn, nüfuzlu Kembric Universiteti koronavirus təhlükəsi səbəbindən gələn təhsil ilində də əyani mühazirələr keçirməyəcək. Bu barədə məlumat Kembric Universitetinin bəyanatında yer alıb. Tələbələr mühazirələrdə onlayn şəkildə iştirak edə biləcəklər. Həmçinin universitet rəhbərliyi sosial məsafə saxlamaq şərti ilə kiçik tələbə qrupları şəklində əyani dərslərin təşkili imkanlarını da nəzərdən keçirir.
“Planlaşdırmanı yüngülləşdirmək üçün qərar indi verilib. Lakin koronavirus barədə rəsmi tövsiyələr dəyişərsə, hər zaman olduğu kimi, qərara yenidən baxıla bilər”, - deyə universitetin bəyanatında bildirilir.
Qeyd edək ki, Kembric Universiteti koronavirus pandemiyası səbəbindən mart ayından distant təhsil qaydasına keçib. Həmin vaxtdan universitet şəhərciyi bağlanıb. Tələbələr imtahanları internet vasitəsi ilə verir. Bundan əvvəl Mançester Universiteti də analoji qərar verib. Böyük Britaniyanın Tələbə İşləri üzrə İdarəsi tələbələri yanıltmamaq üçün ali təhsil müəssisələrindən dərslərin hansı formada keçiriləcəyi barədə dəqiq məlumat vermələrini tələb edib.
Ümumiyyətlə, həm orta, həm də ali məktəblərdə tam distant təhsilin tətbiqi mümkündürmü? Azərbaycanda belə bir təcrübənin həyata keçirilməsi üçün imkanlar varmı?
Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında Qanun"-a görə, təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulub:
“Amma 11 il ərzində bu istiqamətdə hüquqi addım atılmayıb. Hazırda Azərbaycanın ali, orta ixtisas təhsil müəssisələrində distant təhsil həyata keçirməyin hüquqi bazası yoxdur. Ümumiyyətlə, orta ümumtəhsil məktəblərdə ali məktəblərdən fərqli olaraq heç zaman məsafədən təhsil müsbət qəbul edilmir. Bu birmənalı olaraq belədir. Əlbəttə mövcud vəziyyətdən çıxış yolu olaraq alternativ vasitələr tətbiq edilə bilər. Amma etiraf etmək lazımdır ki, bunun üçün bizim ali təhsil müəssisələrimizin zəruri resursları yoxdur. Xarici ölkələrdə hər bir tələbənin onlayn təhsil alması üçün həm texniki, həm də internet imkanları var. Bu baxımdan da mən inanmıram ki, Azərbaycan ali təhsil müəssisələri məsafədən təhsili tam əhatə edə bilsinlər. Bunun üçün hüquqi baza yaradılmalıdır, eyni zamanda ali təhsil müəssisələrinin hüquqi bazaları buna tam uyğun olmalıdır”.
Təhsil eksperti hesab edir ki, post-pandemiya dövründə ənənəvi təhsildən onlayn təhsilə keçid geniş vüsət alacaq:
“Biz daha geniş formada bu təhsilalma formasının tətbiqini gözləyirik və bu mümkündür. Distant təhsilin kifayət qədər üstün tərəfləri var, amma bunu bütün ixtisaslara şamil etmək mümkün deyil. Daha çox humanitar fənlərdə məsafədən təhsil mümkündürsə, texniki və təbiət fənlərində bunun tətbiqi effektiv alınmır. Hesab edirəm ki, bu amil mütləq nəzərə alınmalıdır. Təklif edirik ki, Azərbaycanda növbəti tədris ilindən pandemiya dövrü üçün istər orta, istərsə də ali məktəblərdə dərslər 5-6 gün deyil, 3 gün olsun. Məsələn, 1-3-5 və 2-4-6-cı günlər. Bir gün konkret auditoriyalarda praktiki dərslər keçirilsin, o biri gün isə məsafədən dərslər verilsin. Ən azı bununla mövcud durumdan çıxış mümkündür”.
Kamran Əsədovun fikrincə, orta məktəblərdə təhsil alanlara dövlət vəsaiti hesabına planşetlər verilə bilər:
“Dövlət büdcəsindən hər bir uşağa pulsuz təhsil verilməsi üçün 100 manatdan çox vəsait sərf olunur. Amma elektron resurslardan istifadə etməklə dərslərə qatılmaq üçün planşetlərin qiyməti 45-50 manatdır. Bu daha ucuz başa gəlir”.
Təhsil eksperti deyir ki, dünyada da distant təhsilə tam keçid mümkün deyil:
“Anadolu Universitetinin 10 milyondan çox tələbəsi var. Onların böyük əksəriyyəti məhz distant təhsilə qoşulub. Bunun üçün proqram təminatı var. Sayt üzərindən mütəmadi dərslər, imtahanlar həyata keçirilir. Amma semestrdə bir dəfə onlar müəyyən mərkəzlərə cəlb edilərək, yoxlamadan keçilirlər. Bu prinsipial olaraq mümkündür. Amma onlayn dərslərin tam şəkildə əyani dərslərin yerini verməyəcək. Keyfiyyət ciddi şəkildə aşağı düşəcək”.

Mənbə: www.dia.az