İlham Əliyev diplomatlara nə demişdi? - ƏLAHƏZRƏT FAKTLAR

İlham Əliyev diplomatlara nə demişdi? - ƏLAHƏZRƏT FAKTLAR

2000-ci il parlament seçkiləri dövrü idi. O zaman jurnalistlər arasında xəbər yayılmışdı ki, ATƏT-ə üzv ölkələrin səfirləri Prezident Heydər Əliyevin qəbuluna gəliblər və YAP-ın seçki kampaniyasına rəhbərlik edən İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin qarşında erməni separatçılarının ünvanına kəskin ifadələr işlətməsindən narahatlıqlarını bildiriblər. Belə hadisənin həqiqət olub-olmadığını yalnız rəsmi şəxslər bilər, amma İlham Əliyevin qətiyyətli xarakterinə bələd insanlarda bu xəbər təəccüb doğurmadı.

Siyasi karyerası boyu İlham Əliyevin vətənpərvər olması müstəqil dövlətimizin maraqları naminə atdığı bütün addımlarla dəfələrlə sübut edilib.

Artıq hər kəsə bəllidir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək səviyyəli ədalətli mövqe işğalçı dövlətin başçılarının ayaqyolu və başqa bəhanələrlə danışıqlar masasını tərk etmələri, daha doğrusu, aradan çıxmaları ilə nəticələnir.

Bu münaqişə üzündən baş verən Ramil Səfərov və Mübariz İbrahimov hadisələri zamanı dövlət başçımızın göstərdiyi qətiyyət və atdığı addımlar da xalqımızda böyük razılıq hissi doğurdu. Erməni təxribatı üzündən Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş zabitimiz Ramil Səfərovun 9 ildən sonra Azərbaycana repatriasiya edilməsi və hələ səmada – təyyarədə ikən Prezident tərəfindən əfvi ətrafında səs-küy qaldırmaq istəyənlər dövlət başçımızın məntiqli bəyanatları qarşısında birdəfəlik susmalı oldular.

2012-ci il sentyabrın 10-da Qəbələdə ATƏT-in üzv ölkələrinin səfirlərini qəbul zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Ramil Səfərovla bağlı qərar Avropa Konvensiyasının tələblərinə tamamilə müvafiq verilib və onun əfv edilməsi Azərbaycan Konstitusiyasına uyğundur. Bundan başqa, uşaqlıq dövründə erməni işğalçılarının törətdikləri faşist əməllərinin şahidi olmuş Ramil Səfərovun həbsdəki müddətdə nümunəvi davranış sərgilədiyi və hətta kitab tərcümə etdiyi xarici diplomatların nəzərinə çatdırıldı.

Bu zaman Prezident diplomatlara Parisin “Orli” hava limanında 2001-ci ildə Avropa və Amerika vətəndaşlarının qətli ilə nəticələnən terror aktını törədən şəxsin Fransadan Ermənistana ekstradisiya olunması faktını xatırlatdı: “Baxmayaraq ki, o, Ermənistan vətəndaşı da deyildi, Ermənistan prezidenti isə onu əfv etdi. Mən terrorçular ilə zabitimiz arasında paralellik aparmaq istəməzdim. Lakin zabitimiz həbsdə artıq 9 il cəzasını çəkib. O cəzalandırıldı, onun əfvi ilə bağlı qərar hüquqi nöqteyi-nəzərdən düzgün qərardır. Bu, Prezidentin qəbul etdiyi qərardır və düzgün qərardır. Azərbaycan öz zabitini vətənə qaytardı”.

Bu məsələ ilə bağlı Prezidentimizin əslən Norveçdən olan Avropa Şurasının baş katibi Tyeborn Yanqlanda “…Bu insanın Vətənində Breyvik 80 nəfəri öldürüb və ona 21 il həbs cəzası verilib. Hər qətlə yetirilən şəxs üçün 3 ay. Belə şey olar? Niyə o, bu barədə danışmır?” cavabı vətənsevərlərin ürəyindən xəbər verdi.

Həmişə təəssüflənirəm ki, düşmənlə üz-üzə vuruşda böyük qəhrəmanlıq göstərən və erməni faşistlərini qorxuya salan Mübariz İbrahimov kimi 22 yaşlı igid ərənin həyatını qoruya bilmədik. Nə qədər çətin başa gəlsə də, dövlət başçımız qəhrəman Vətən övladları Mübariz İbrahimovun və Fərid Əhmədovun meyitlərinin sivil qaydalara əməl etməyən, görünməmiş vəhşilik, heç bir mənəviyyata, heç bir dini normalara sığmayan hərəkət sərgiləyən düşməndən geri alınmasına nail oldu. Onların vida mərasimində çıxış edərkən kövrəldiyini gizlətməyən Prezident bu iki hərbçimizin igidliyini böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi adlandıraraq, Azərbaycanın ərazi bütövlüyünün əvvəl-axır bərpa olunacağını bəyan etdi.

Moskvadakı erməni lobbisinin və onun havadarlarının canfəşanlığına baxmayaraq, məhz İlham Əliyevin siyasi iradəsi ilə 1918-ci il mart soyqırımında əli xalqımızın qanına batmış Stepan Şaumyana və onun “26-lar” deyilən quldur dəstəsinə Bakının mərkəzində ucaldılmış abidə kompleksinin Sahil bağından götürülməsinə qərar verildi. Bu zaman dəstənin həmin məkanda dəfn olunmuş üzvlərinin qəbirləri bütün dini rituallara uyğun olaraq Hövsandakı qəbiristanlığa köçürüldü və ya qohumlarına təhvil verildi. Dəstənin Prokofi Caparidze və Məşədi Əzizbəyov kimi üzvlərinə paytaxtın müxtəlif küçələrində ucaldılmış abidələr də yığışdırıldı. Çox təəssüf ki, bu addımlar özlərini milli qüvvələr adlandıran AXC–Müsavat hakimiyyəti dönəmində atılmamışdı. Amma onların hər açıqlamalarında vətənpərvərliyinə şəkk-şübhə yaratmaq istədikləri İlham Əliyev qısa müddətdə bu işin icrasına nail oldu.

2016-cı ildə düşmən qüvvələrinə və onun savaş strategiyasına böyük zərbələr endirmiş 4 günlük Aprel döyüşləri ordumuzun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yolların düşməndən azad olunması işğal altındakı bütün əzəli torpaqlarımızın düşmən tapdağından təmizlənəcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına və Böyük Qələbə qazanacağımıza ümidimizin alovunu yenidən gücləndirdi. Bu uğurlar, aydındır ki, Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsində əldə olunmuşdu.

Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyi münasibətilə keçirilən 2014-cü il 24 aprel tarixli sammitdə Türkiyənin təmsil olunmamasından sui-istifadə edərək çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı puç mülahizələrə həsr edən və Türkiyəni əsas tənqid hədəfi kimi seçən Ermənistan prezidenti Serj Sarkisyana “Türkiyə nümayəndələri burada yoxdurlarsa da, mən varam” deyə səsini ucaldan İlham Əliyev işğalçı ölkənin Azərbaycana qarşı törətdiyi cinayətləri sadalamaqla, Xocalıda dinc vətəndaşlarımıza qarşı amansız soyqırımı xatırlatmaqla rəsmi Yerevanın məkrli simasını bütün dünyanın qarşısında ifşa etmişdi.

Xankəndidəki erməni separatçılarının qarşısında sərsəm bəyanatlar səsləndirməklə Azərbaycana meydan oxuduğunu zənn edən Ermənistanın indiki baş naziri Nikol Paşinyan isə bir neçə dəfə (qapalı görüşlərdən xəbərimiz yoxdur) daha betər rəzilliyə məruz qalıb.

2019-cu il oktyabrın 4-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Prezident İlham Əliyevin “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ – Azərbaycandır və nida işarəsi!” bəyanatı verməklə həm siyasətdə piyada olduğunu çoxdan nümayiş etdirən Paşinyana layiqli yerini göstərdi, həm də dünyanın diqqətini bir daha torpaqlarımızın işğalı faktına cəlb etdi.

Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında (12 oktyabr 2019-cu il) isə İlham Əliyev İkinci Dünya müharibəsi zamanı faşistlərlə əməkdaşlıq etmiş şəxslərin Ermənistanda qəhrəman kimi təqdim olunduqlarını, 2016-cı ildə Yerevanda faşistlərin əlaltısı hərbi cinayətkar Qaregin Njdeyə heykəl qoyulduğunu xatırlatdı. Həmin tarixi cəhətdən arqumentlərlə zənginləşdirilmiş çıxış Nikol Paşinyanı yerlə yeksan etdi. Azərbaycan Prezidentinin xarizmatik davranışının qarşısında Paşinyan çox zavallı duruma düşmüşdü. Bu, artıq onun üçün himayədarlarının gücü ilə işğal etdikləri Şuşada yallı rəqsi getməyə bənzəmirdi…

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı isə Prezident İlham Əliyevin siyasi və dövlət xadimi kimi üstünlüyü işğalçı dövlətin hökumət başçısının bir neçə dəfə çaşmasına, yalan söyləməsinə, uydurma və dağınıq mövzulardan bəhs etməsinə, gülüş obyektinə çevrilməsinə səbəb oldu.

Prezidentin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir”, “…əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir – Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, “kert” erməni dilində “şəhər” deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur”, “…Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” kimi vacib – dolğun və kəskin bəyanatları qarşısında N.Paşinyan aciz qaldı.

Bütün bu faktları sadalamaqdan məqsəd nədir? Bu gün Ermənistanın işğalçı siyasətini davam etdirməsi, Şuşanın Cıdır düzündə yallı oynanılması, Dağlıq Qarabağdakı qondarma cinayətkar rejimə “prezident seçkisi” və ya Şuşada andiçmə şousu təşkil etməsi xalqımızın əsəblərini tarıma çəkir və hər kəs sərkərdələrə hərəkət istiqaməti, yol göstərməyə çalışır. Amma bütün bu hadisələr torpaqlarımızı zəbt edənlərin cəzalandırılacağı günün heç də uzaq olmadığını da göstərir.

1988-ci illərin axırlarında – 1990-cı illərin əvvəllərində Qarabağ məsələsi ilə bağlı informasiya blokadasına alınan Azərbaycanın mövqeyini eşidən vardımı? 1993-cü ildə hakimiyyətə gələndən sonra görkəmli dövlət xadimi Heydər Əliyevin bu blokadanın aradan qaldırılması, Azərbaycanın səsinin dünyada eşidilməsi üçün atdığı addımlar, rəsmi səfərlər zamanı hətta ölkəmizin xəritəsini müxtəlif dövlətlərin liderlərinə nümayiş etdirməsi, Dağlıq Qarabağın harada yerləşməsinə diqqəti yönəltməsi çoxumuzun xatirindədir.

Kim nə deyirsə desin, İlham Əliyevin hakimiyyəti dönəmində Dağlıq Qarabağ münaqişəsi barədə dünya birliyində düzgün rəy yaranıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi, bu işğala son verilməsinin vacibliyi birmənalı şəkildə Avropa Birliyinin, Avropa Şurasının, ayrı-ayrı dövlətlərin parlamentlərinin qətnamələrində təsbit olunub və bu proses davam etməkdədir.

Dünyanın nüfuzlu dövlət xadimləri arasında layiqli yer tutan İlham Əliyevin siyasi duruşu qarşısında Ermənistanın heç bir siyasətçisi davam gətirə bilmir. Bundan başqa, ermənilərin himayədarının qonşu müstəqil dövlətlərə qarşı tətbiq etdiyi təzyiqlər prosesində Azərbaycanın dostluq münasibətlərinə sadiq qalması, həmin mexanizmlərin qarşısının alınması üçün zəruri yardım göstərməsi, dinc yanaşı yaşama prinsipini əməldə sübut etməsi kimi amillər də İlham Əliyevin ölkəmizə siyasi dividentlər qazandırmasına, xalqımızın ədalətli və haqlı mövqeyinin daha çox dövlətlər tərəfindən tanınmasına gətirib çıxarır.

Elə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın hərbçilərimizlə görüşdə “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq” bəyanatı da Vətənimizin ərazi bütövlüyünün bərpa ediləcəyi günün uzaq olmadığını söyləməyə əsas verir.

Xatirə SADİQ

Mənbə: konkret.az