81 yaşlı Prezidentin ölüm xəbəri təkzib edildi

81 yaşlı Prezidentin ölüm xəbəri təkzib edildi

Livan Prezidenti Mişel Aunun ölümü ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar doğru deyil. Azvision.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

Qeyd edək ki, bir neçə onlayn media Prezidentin səhhətinin kəskin şəkildə pisləşdiyini yazıb, sosial şəbəkələrdə isə onun öldüyü barədə məlumatlar yayılıb.

"Prezidentin mətbuat xidməti ictimai rəydə çaşqınlıq yaratmağa yönəlmiş heç bir əsası olmayan bütün bu şayiələri tamamilə təkzib edir", - deyə bildirilib.

Diqqətə çatdırılıb ki, bu cür məlumatların gündəmə gətirilməsi qanun pozuntusudur və təhlükəsizlik xidmətləri, prokurorluq nümayəndələri kampaniya təşkilatçılarına qarşı lazımi tədbirlər görəcək.

Xatırladaq ki, 81 yaşlı Mişel Aun 2016-cı ilin oktyabrından ölkəyə rəhbərlik edir. O, daha əvvəl Livanın ən böyük xristian partiyası olan Azad Vətənpərvərlik Hərəkatının lideri olub, sonradan kürəkəni, ölkənin keçmiş Xarici İşlər naziri Cebran Basil partiyaya rəhbərlik edib.

Mişel Aun Livandakı vətəndaş müharibəsi dövründə, 1975-1991-ci illərdə general rütbəsi ilə Livan ordusunun sıralarında xidmətdə olub, 1988-1990-cı illərdə respublika prezidentinin səlahiyyətlərini icra edib.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az