"İH başçısının ingiliscə biabırçı danışması faciə deyil, dərd başqadır..."

"İH başçısının ingiliscə biabırçı danışması faciə deyil, dərd başqadır..."

"Yüksək vəzifə sahiblərinin hansı dildə danışması deyil, nə danışması önəmlidir”.

Qaynarinfo xəbər verir ki, bunu tanınmış jurnalist Bahəddin Həziyev Ağstafa Rayon İcra Hakimiyyətinin yeni başçısı Seymur Orucovun ingilis dilində çıxışının sosial şəbəkələrdə və mətbuatda gündəmə çevirlməsi haqda fikir bildirərkən vurğulayıb.

"Gündəmə baxın: yeni icra başçısı təyin edilmiş hansısa uşağın ağzı ingiliscə qatıq kəsməyib; Şekspirin dilində biabırçı danışıb... Yox, faciə bu deyil; o uşaq bizim hədəfimizdən görünməz dərəcədə aşağıdadır. Çox qəribə olan başqadır: bəziləri elə bilir ki, kim ingiliscə bilirsə, hər şeyi bilir və onlara yüksək vəzifələr verirlər. Bu yarımçıq "məntiq" yiyələri 30 il bundan qabaq elə bilirdi ki, rusca bilən hər şeyi bilir. Daha əvvəl farsı biləni başbilən sayırdıq. Ərəbə gəlincə isə, 11 əsrdir ki, ərəbcə qırıldadana az qala ilahi qüvvənin yer üzündə təcəllası kimi baxırıq (mollaların yaslarda, qəbristanlıqlarda oxuduğu dua "konspekt"lərinə baxsaq, görəcəyik, qədim ərəbcəni (o da necə ərəbcədirsə artıq!) kiril əlifbası ilə transkripsiya edib gözə kül üfürürlər. Bir az daha savadlıları latın hərflərinə qədər xeyli "inkişaf" edib... Rəhmətlik Eldar Baxış demişkən, ölümüzlə ərəbcə, dirimizlə rusca... Bu gün sağ olsaydı, "rusca" sözünün yanına bəlkə başqa bir dilin də adını yazmalı olardı. Və indiki "elita"ya baxsaq, tək bircə öz türk dilimizi bilməmək onlar üçün ayıb sayılmır. ..” – baş redaktor qeyd edib.

Bahəddin Həziyev vurğulayıb ki, bir-iki il bundan qabaq bir gənc nazirimizin beynəlxalq toplantıda ingiliscə çıxışını öz mətbuat xidməti sosial şəbəkələrdə yaymışdı:

"Rastıma çıxdı. Baxdım, dinlədim ki, görüm, nə danışır. Gördüm elə öz dilimizdə danışdığı həmin yalanlardır. Bu dəfə tərcümə edib ingiliscə deyir. Atam-qardaşım, yalanı istəyirsən, öz dilində de, istər ingiliscə, ya lap malayca... Yalan hansı dildə deyilməsindən asılı olmayaraq, yalandır. İnsanın, illah da, yüksək vəzifə sahiblərinin hansı dildə danışması deyil, nə danışması önəmlidir. Son yüzillər ərzində bütün tiranlar, diktatorlar, bəşəriyyətin başına iki dünya savaşı açan rəhbərlər ingiliscə danışırdı. Bir də ki ingiliscə ilə kimi təəccübləndirmək olar ki?! Yeni texnologiyalar bu saat o qədər gəlişib ki, dil çevirici mikrorobotların köməyi ilə bir azdan xarici dildə danışa bilməyən qalmayacaq. Ən başlıca olan öz xalqının dilini bilməkdir, öz xalqınla öz dilində danışa bilməkdir. Yoxsa biz?! Öz dilimizdə çaşanları, "rus demiş"i köməyə çağıranları, saxta intellektual stilində kəkələyənləri yuxarı başa keçirmişik; yad dildə yalan üyüdüb "kreativ", "qlamur", "perspektivli kadr"... bir sözlə, elita statusu qazansınlar deyə...”

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin yeni başçısı Seymur Orucovun ingilis dilində çıxışı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

2019-cu il sentyabrın 7-də keçirilən İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında aid görüntüdə gənc başçının sözləri düzgün tələffüz etmədiyi görünür.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az