"Azərbaycanda İKT sahəsinin inkişafı beynəlxalq təcrübəyə əsaslanır"

"Azərbaycanda İKT sahəsinin inkişafı beynəlxalq təcrübəyə əsaslanır"

Son zamanlar dünyanın ən böyük kommunikasiya şirkətləri Azərbaycana böyük maraq göstərirlər. "Signify" da bu şirkətlərdən biridir.

Bunu Milli.Az-a politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, innovativ texnologiyaların inkişafı dövlətin prioritet istiqamətlərindəndir.

"Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi sübut edir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının əsas təminatçısı qismində çıxış edir. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin əhəmiyyətli tərkib hissəsinə çevrilmişdir. Azərbaycanda da İKT sahəsinin inkişaf etdirilməsi üzrə dövlət siyasəti bu prinsip üzərində qurulur və beynəlxalq təcrübəyə əsaslanır.

"Signify" şirkəti işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 "yaşıl" şirkətdən biridir. Sözügedən şirkətin təşəbbüsü ilə cənab İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify" rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilməsi göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir və bu imkanlardan səmərəli istifadə olunur.

Əsas məsələ ondan ibarətdir ki, cənab Prezident hər zaman bu yeniliklərin tətbiq olunmasına xüsusilə nəzarət edir.

Sentyabrın sonunadək Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq ki, bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Məsələnin əhəmiyyəti ondan ibarətdir ki, böyük miqdarda enerjiyə qənaət ediləcək. Sonrakı mərhələrdə Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planların olması cənab Prezidentin hər zaman öz çıxışlarında Azərbaycanın, sadəcə, Bakı və Abşeron yarımadasından ibarət olmayıb, digər şəhər və rayonlara da qayğı göstərilməsinin vacibliyini vurğulaması məsələsinin diqqətdə saxlanıldığından xəbər verir. Pandemiya bitəndən sonra təmsil etdiyi şirkətin Azərbaycanla əməkdaşlığının uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən şirkət rəhbərinin bu inamı göstərir ki, deməli, belə nüfuzlu beynəlxalq şirkətlər uzunmüddətli zaman çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.

"Erik Rondolatın, eyni zamanda, cənab Prezidentin bütün dünyada hazırda böhranın hökm sürməsinə baxmayaraq pandemiyanı dayandırmaq üçün Azərbaycanda çox ciddi tədbirlər gördüyünü vurğulaması ölkə başçımızın ilk günlərdən etibarən koronavirusla mübarizədə effektiv tədbirlər planının tətbiqinin nəinki ayrı-ayrı dövlət və hökumət başçıları, eyni zamanda dünyanın nüfuzlu şirkət rəhbərləri tərəfindən təqdir olunmasını göstərir. Elə bu səbəbdəndir ki, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən bütün səylər Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib", - politoloq qeyd edib.

O bildirib ki, bu gün Azərbaycanda kənd təsərrüfatına əhəmiyyətli dərəcədə dövlət dəstəyi var:

"Yeni elektron kənd təsərrüfatı sistemi həyata keçirilir. Bu səbəbdən də şirkət ilə ölkəmiz arasında kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması sahələrində əməkdaşlıq məsələlərinə toxunulması onu göstərir ki, dünyanın nüfuzlu İKT şirkətləri bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bunun səbəbinin Azərbaycan dövlətinin indiyə qədər həyata keçirilən bütün layihələrdə beynəlxalq platformada etibarlı tərəfdaş qismində etimad qazanması olduğunu düşünürəm".

Bəxtiyar Umarlı
Milli.Az

Mənbə: news.milli.az