Fransada ilk dəfə: Marie Cau ölkənin ilk transgender bələdiyyə sədri oldu

Fransada ilk dəfə: Marie Cau ölkənin ilk transgender bələdiyyə sədri oldu

Fransanın şimal-şərq bölgəsində yerli seçkilərdə transgender Marie Cau Tilloy-lez-Marchiennes bələdiyyəsinin sədri seçilib.

Seçki kampaniyasında ekologiya məsələlərini və yerli iqtisadiyyatın problemlərini diqqət mərkəzinə gətirən Marie Cau Fransa tarixində ilk transgender bələdiyyə sədridir.

AFP xəbər agentliyinə müsahibəsində Cau "aktivist olmadığını" və bələdiyyə işlərinə fokuslanmaq istədiyini bildirib:

"İnsanlar məni trans olduğuma görə seçmədilər, onlar seçki proqramıma səs verdilər. Maraqlıdır ki, vəziyyət normallaşanda bizi digərlərindən fərləndirmirlər".

Fransanın cinsi bərabərlik naziri Marlene Schiappa Cau-nu öz "Twitter" hesabında qələbə münasibətilə təbrik edib:

"Transgenderlərin ictimai sferada görünməsi və trans fobiyasıyla mübarizə həm də siyasi hüquqların və ictimai vəzifələrin yerinə yetirilməsindən asılıdır. Təbriklər, Marie Cau!"

Belçikayla sərhəddə yerləşən Tilloy-lez-Marchiennes qəsəbəsində təxminən 600 adam yaşayır.

Bələdiyyə seçkiləri mart ayında keçirilib. Ötən şənbə isə Məclis üzvləri "Birlikdə qərar verək" başlıqlı siyahıya əsasən özlərinə bələdiyyə sədri seçiblər.

"Vətəndaşlarımızın getdikcə daha proqressiv olduğunu görürük. İnsanlar namizədlərin cinsi orientasiyasına məhəl qoymadan onların şəxsi keyfiyyətlərinə səs verdilər" - Fransa Milli Transgenderlər Assosiasiyasının qurucularından olan Stephanie Nicot belə deyib.

Mənbə: www.bbc.com