Taleh Şahsuvarlıdan Aslan İsmayılova sərt cavab: “Mənim nəinki Əli Həsənov...”

Taleh Şahsuvarlıdan Aslan İsmayılova sərt cavab: “Mənim nəinki Əli Həsənov...”

Aznews.az saytının rəhbəri Taleh Şahsuvarlı tanınmış hüquqşünas Aslan İsmayılovun onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. Xatırladaq ki, hüquqşünas AzTV-nin efir siyasətini tənqid edib, bütün verilişləri Ə.Həsənova trolluq edənlərin, medianın hörmətdən düşməsində birbaşa iştirakçı olanların bəzədiyini bildirmişdi. “Hətta, Ə.Həsənovun trolu olması ilə fəxr edən şəxslər həm “media eksperti”, həm “siyasi şərhçi”, həm də “sosioloq” kimi AzTV-nin efirində çıxışlar edirlər". A. İsmayılov onları “üz qarası” adlandırmışdı bir neçə ad çəkmişdi. Həmin şəxslərin içərisində T. Şahsuvarlının da adı var idi.

T. Şahsuvarlı hüquqşünasa cavab olaraq bildirib ki, o bir müddət əvvəl Aslan İsmayılov haqda status və bir təhlil yazıb:

“Orada Aslan İsmayılovun 2013-cü ildəki prezident seçkisi kampaniyası zamanı Milli Şuranın mitinqində Cəmil Həsənlini "mənim liderim" adlandırmasından, elmi dərəcəsini danaraq xalqa ağ yalan danışmasından, bununla özünü məzlum obrazında cəmiyyətə təqdim etməsindən bəhs etmişəm.

Ömür yolunu, bioqrafiyasını belə müdafiə etmək gücündə olmayan əsrimizin Yamülkisi dünən gecə saatlarında öz xislətinə uyğun olaraq "valı dəyişməyə" çalışıb, təhqir və şantaja keçib, bir jurnalist olaraq fəaliyyətimə mane olmaq, reputasiyama kölgə salmaq üçün bəndənizə çamur atıb. Mənim üstümə ilk dəfə deyil ki, çamur atılır, ancaq öz dürüstlüyümlə hər zaman o çamurları gec-tez atana yedizdirmişəm.

Allahverdi (Şahsuvarlı yazıda A. İamsyılovun əsl adının Allahverdi olduğunu iddia edir – red.) iddia edir ki, guya mən tez-tez AZ.TV-də çıxış edirəm, hətta dövlət televiziyasının efirindən düşmürəm. Mənim heç bir PR-a ehtiyacım yoxdur, istər televiziyalardan, istərsə də müsahibə və açıqlama üçün saytlardan, qəzetlərdən gələn təklifləri cüzi istisnalarla geri çevirirəm. 2005-ci ilin dekabr ayının sonlarında hərbi xidmətdən qayıtmış, 2006-cı iin yanvarından öz mülki peşəmdə fəaliyyətimi bərpa etmişəm. O gündən bəri bircə dəfə də olsun Az.TV-nin efirində çıxış etməmişəm. Belə bir təklif nə Az.TV-dən gəlib, nə də özüm təşəbbüs göstərmişəm, halbuki istənilən ictimai-siyasi proqrama qatılmaq imkanlarımın nə qədər geniş olduğunu bilirsiniz. Yalnız bircə dəfə ölkənin bütün KİV rəhbərləri ilə bir arada Az.TV-də səhər yeməyinə (efirə yox!) dəvət olunmuşam, nəzakət qaydalarına uyğun olaraq bu dəvət üçün Az.TV rəhbərliyinə öz təşəkkürümü də elə buradan bildirmişəm.

Odur ki, Allahverdiyə səslənirəm: Mənim nəinki Əli Həsənov prezidentin köməkçisi vəzifəsindən azad edildikdən sonra, hətta onun PA-da çalışdığı dövrdə Az.TV-nin efirində bircə çıxışımı 24 saat ərzində ortaya qoymasan, həmin verilişin videosunu paylaşmasan, get başını ülgüclə dibdən qırxdır...

Sən ağ yalanlar üyütməyə vərdiş eləmisən, buna görə də heç zaman halal çörək yeməmisən, həqiqəti ali dəyər hesab edən kişilərin məmləkətində yaşamağa belə layiq deyilsən! Qədim peşənə görə ermənilər sənə daha çox iltifat edər, çünki hər zaman onların maraqlarına xidmət etmisən, oğlun da özünə oxşayıb.

Başqa deyəcəklərim də var. Yadınızdadırsa, mən hətta "Yeni Müsavat"ın efirindən də bildirmişdim ki, hakimiyyəti deyil, prezident İlham Əliyevi müdafiə edirəm. Bu gün də eyni mövqedəyəm. Çünki hakimiyyətdə xeyli sayda rüşvətxor, yerində olmayan məmurlar var və elə DTX-nın keçirdiyi həbslər də bunu isbat edir.

Konkret media ilə bağlı situasiyaya gəlincə, obrazlı desək, Ali Baş Komandan bir korpusun komandirini vəzifəsindən azad edibsə, bu, həmin korpusda dövlətə və millətə xidmət edən əsgər, çavuş və zabitlər üçün məzəmmət yaratmır, hər kəs öz xidmətinə davam edir. O cümlədən mən də!

Hər kəsə yaxşı məlumdur ki, 1995-ci ildən media sahəsində çalışıram. Azərbaycan mətbuatı tarixində ən gənc yaşda qəzet baş redaktoru olmuşam. Prezidentin müvafiq sahə üzrə köməkçisi başqa bir şəxs olsaydı, mən onunla, o isə mənimlə işgüzar münasibətlərdə olmalı idi. Bu, Elçibəy demiş, təbii prosesdir və dövlət-mətbuat münasibətləri çərçivəsində normal haldır. Hə, bu işgüzar münasibətlər xaricində mən Əli Həsənova vəzifəsinə görə deyil, şəxsiyyətinə, intellektinə, dövlətçilik anlayışına, prezidentə sədaqətinə görə ehtiram bəsləmişəm, yenə də eyni fikirdə, eyni mövqedəyəm. Heç bir linç kampaniyası mənim kimi xarakteri, düşüncə tərzi çoxdan formalaşmış insanların şəxsi simpatiya və antipatiyalarını dəyişə bilməz. Sadə xalqın içərisindən çıxmış, kasıbçılıqla böyümüş və yaxşı təhsil görmüş, arxasında heç bir daxili və xarici güc olmayan bir imza, ictimai-siyasi fəal olaraq Əli Həsənovdan diqqət və qayğı görmüşəm, ölənə qədər də bunu deyəcəm.

Kişinin çörəyi dizinin üstündə olmaz! Vəzifədə olduğu müddətdə isə Əli Həsənovdan cəmi iki xahiş etmişəm, hər iki xahiş həmkarlarımın problemi ilə bağlı olub. Özüm üçün heç nə istəməmişəm, hərçənd nəyə ehtiyacım olmasını hər zaman soruşub. Nə isə xahiş etsəydim də, sözümü yerə salmazdı.

Sözü uzatmaq istəməsəm də, bir haşiyə çıxım, çünki mətləbə çox dəxli var. Mənim bir yaxın qohumum icra başçısı idi, illər öncə işdən azad olundu. Bu prezidentin tərcihidir və müzakirə olunmur. Ancaq dövlət başçısı onu vəzifəsindən azad etmişdi, insanlıqdan, vətənpərvərlikdən, el-oba, qohum-əqrəba münasibətlərindən xaric etməmişdi ki? Mən vəzifəsindən çıxıb deyə öz qohumundan, ağsaqqalından, dostlarından imtina edəcək zehniyyət və əxlaq daşyıcısı deyiləm.

Bu cür zehniyyət daşıyıcıları isə, zənnimcə, nə Azərbaycana, nə dövlətə, nə də prezident İlham Əliyevin ideyalarına xidmət edə bilərlər. Belələri prinsipsiz, tamahkar, hər durumda öz merkantil maraqlarını təmin etməyə çalışan xəyanətkar tiplərdirlər və Allah eləməsin, bir balaca ayağı büdrəsə, öz məzmunlarını İlham Əliyevə qarşı da sərgiləyəcəklər.

Amma o adamlar ki, İlham Əliyevi bir siyasi məfkurənin öncülü hesab edirlər, onlar hər şeyə rəğmən yenə öz davalarına, yollarına, prinsiplərinə, liderlərinə sadiq qalacaqlar. Kütləni millətə liderlərlə yanaşı, həm də məhz bu cür tərəfdarlar çevirir. Mənim və səmimiyyətinə inandığım dostlarımın, həmkarlarımın Allahverdi və Allahverdi kimilərindən bir prinsipial fərqini də məhz bu amil yaradır: biz kütləni millətə, onlar isə milləti kütləyə çevirməyə çalışır. Çünki kütlə həmişə nadürüst, millət isə hər zaman dürüstdür!”.

Mənbə: yenisabah.az