Paşinyanın Şuşada tez-tez görünməsinin şok səbəbi... - Açıqlama

Ermənistanda öz nüfuzunu itirmiş Nikol Paşiniyanın separatçı rejimin qondarma seçkisindən sonra keçirilən “andiçmə” şousuna qatılması, yerin məhz Şuşa seçilməsi heç də təsadüfi deyil.

Gənc Diplomatlar Birliyinin üzvü, siyasi şərhçi Eltun İbrahimovun Teleqraf.com-a açıqlamasına görə, istər erməni xalqı, istərsə də Paşiniyan hakimiyyəti Azərbaycanın tarixi torpağı olan Şuşanın xalqımız üçün nə qədər mənəvi dəyərə sahib olmasının fərqindədir:

"Şuşa mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza böyük örnəklər verən tarixi şəxsiyyətlərin - Rəşid Behbudovun, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun vətənidir. Şuşa xalqımız Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli və başqaları kimi şəxsiyyətlər bəxş edən, 265 tarixi abidəyə və muzeyə sahib olan Azərbaycanın ən gözəl güşəsidir".

E.İbrahimovun fikrincə, Paşiniyanın əsas hədəfi dövlət maraqlarından çox, şəxsi maraqlarını təmin etməkdir. O, tez-tez Şuşada görünmək kimi məkrli addımları ilə işğalçılıq siyasətinə meyilli erməni xalqının sevgisini qazanmağa, bununla da hakimiyyətini möhkəmləndirməyə, nüfuzunu bərpa etməyə çalışır:

“Paşiniyan hakimiyyəti, eyni zamanda erməni xalqı artıq başa düşür ki, Azərbaycan torpaqlarını işğal atlında saxlamaq beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə və qurumun Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Beynəlxalq ictimai rəy bu kimi addımları pisləyir. Uzun müddət Azərbaycan ərazilərinin işğalda qalması erməni dövlətinin mövqeyini zəiflədir, iqtisadiyyatına zərbə vurur, beynəlxalq nüfuzunu sarsıldır”.

Gənc diplomat Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etmək üçün səy göstərdiyini, eyni zamanda dövlətimizin bu məsələdə səbir və təmkinlə hərəkət etdiyini, hər ötən il Dağlıq Qarabağın azad olunmasına daha bir addım da yaxınlaşdığını, hərbi gücünün kifayət qədər olmasına baxmayaraq, torpaqların müharibə yolu ilə deyil, sülh yolu ilə qaytarılmasının tərəfdarı olduğunu vurğulayıb:

“Ermənistan butun imkanlarından istifadə edərək, xalqımızı təxribata çəkmək istəyir. Onlar düşünürlər ki, bununla da dövlətimizin Dağlıq Qarabağla bağlı siyasətinin yönünü dəyişdirməyə nail olacaq, nəticə etibarilə Azərbaycanı dünya ictimaiyyətinin gözündən salacaqlar və öz işğalçılıq siyasətlərini ört-basdır etməklə münaqişənin həllinin daha da uzanmasını təmin edəcəklər. Azərbaycan xalqı düşmənin təxribata uymur, səbr və təmkinlə ölkənin milli maraqlarını, Dağlıq Qarabağ məsələsində dövlətin prinsipial siyasətini birmənalı şəkildə dəstəkləyir”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

RUSİYADA İQTİDAR DÜŞƏRGƏSİNDƏN ABŞ-a GÖZ QIRPANLAR:Corc Soros hakimiyyətdaxili elit qüvvələrlə işbirliyi edir

SONRAKI XƏBƏR

Hökumət məşhur şirkətə 9 milyard verir: Əvəzində isə...