Türkmənistanda "Ağ şəhər - Aşqabad" sərgisi açıldı

Türkmənistanda "Ağ şəhər - Aşqabad" sərgisi açıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Mayın 25-də paytaxtın “Sərgi köşgü” Sərgi Mərkəzində 19-cu Beynəlxalq “Ağ şəhər – Aşqabad” sərgisi açılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbir Türkmənistan paytaxtının şəhərsalma sahəsində qazanılan uğurları və inkişaf perspektivlərini nümayiş etdirmək, bu sahədə əməkdaşlıq üçün prioritet sahələri müəyyənləşdirmək üçün hazırlanıb.

Sərgidə 100-ə yaxın şirkət və müəssisələrin, nazirlik və idarələrin nümayəndələri iştirak edirlər. Onlar tikintidən memarlığadək hər şeyi – yüngül sənayedə istehsal edilənləri, şəhər həyatının qurulması üçün nəzərdə tutulan dizaynları təklif edirlər.

Bu gün şəhərin həyatını müasir texnologiyasız təsəvvür etmək mümkün deyil.

Sərginin salonlarında və məkanlarında su təchizatı, işıqlandırma, yol tikintisi, istirahət sənayesi kimi sahələr də daxil olmaqla tikinti layihələri, innovativ inkişaf və texnologiyaların nümunələri yer alır.

Sərgi, eyni zamanda, Aşqabadın turizm və idman imkanları ilə tanış olmaq, Türkmənistan paytaxtında səyahət və istirahət sənayesinin inkişaf tendensiyaları haqqında ən son məlumat əldə etmək imkanı yaradır.

KONKRET.az

Mənbə: konkret.az