Tokayev Almatıda ölən polislərə orden verdi

Tokayev Almatıda ölən polislərə orden verdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Almatıdakı bir keçid məntəqəsində sərxoş sürücünün avtomobili ilə toqquşma nəticəsində vəfat edən polis işçilərinə dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə mayın 26-da prezidentin mətbuat xidməti məlumat yayıb.

Xidmət vəzifəsini nümunəvi şəkildə yerinə yetirdiyinə, asayişin qorunmasında fəal iştirak etdiyinə görə II dərəcəli “Aybın” ordeni baş leytenant Janqaziyev Jaras Sultanqalieviçə (ölümündən sonra) – Daxili İşlər Nazirliyinin Almatı Şəhər Polis İdarəsinin patrul polis alayının inspektoruna və III dərəcəli “Aybın” ordeni Abdıkanov Dastan Maratjanulıya (ölümündən sonra) – Daxili İşlər Nazirliyinin Almatı Şəhər Polis İdarəsinin patrul polis alayının əməkdaşına verilir.

Mayın 25-də səhər saatlarında bir BMW markalı avtomobilin sərxoş sürücüsü yüksək sürətlə nəzarət-buraxılış məntəqəsindəki beton qoruyucuya çırpılıb və daha sonra zərbə ilə içərisində iki polis əməkdaşı olan patrul maşınına dəyib.

Polisin biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.

BMW markalı avtomobilin sürücüsü vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə xidmətdən kənarlaşdırılan keçmiş polis əməkdaşı olub.

KONKRET.az

Mənbə: konkret.az