Ekspert: "İcra hakimiyyətləri ləğv olunsun, yerini bələdiyyələr tutsun"

Ekspert: "İcra hakimiyyətləri ləğv olunsun, yerini bələdiyyələr tutsun"

"Hazırkı təyinatlarda qohumbazlıq, regionçuluq, rəhbərə sədaqət, müxalifətə nifrət öndə olan meyarlardır”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu məmur balalarının və qohumlarının icra başçıları vəzifələrinə təyinindən danışarkən deyib.

Onun sözlərinə görə, son zamanlar icra başçısı vəzifəsinə təyinat alanlar arasında İsmayıllı, Neftçala və Ağstafa rayonlarının hazırkı başçıları qınaq obyektinə tuş gəliblər:

"Onlar arasında sonuncu rayona təyinat alan icra başçısı Seymur Orucov ictimaiyyət arasında daha çox müzakirə olunur, bəzən haqlı, bəzən də haqsız qınağa rast gəlir. Seymur Orucovun ingilis dilində çıxışı onun biliklərinin səviyyəsini xarakterizə etmək üçün göstərici olsa da, mən onun ingilis dilinin qolunu və qıçını sındırdığına görə qınanmasını düzgün hesab etmirəm. Çünki ona qınamaq üçün buna qədər yetərli arqumentlər mövcuddur.

Nigeriyada hər kəs ingilis dilində danışır, amma bu o demək deyil ki, onlardan yaxşı icra başçısı çıxa bilər. Digər tərəfdən də Azərbaycan rayonları müstəqil iqtisadi agent deyil, onların maliyyə muxtariyyatı yoxdur ki, vergi və gömrük tənzimlənməsinə təsir etməklə daha əlverişli biznes mühiti yaradıb xaricdən birbaşa sərmayə cəlb etsinlər”.

Qubad İbadoğlu hesab edir ki, icra başçısı vəzifəsində çalışmaq üçün daha vacib keyfiyyətlər peşəkarlıq, düsrüstlük, vətənpərvərlik, dövlətçilik, ünsiyyət bacarığı və işgüzarlıq olmalıdır:

"Peşəkarlıq dedikdə icra başçısının regional iqtisadiyyat və yerli idarəetmə sahəsində bliklərinin və təcrübəsinin mövcudluğunu nəzərdə tuturam. Dürüstlük icra başçısının gəlirlərini və əmlakını bəyan etməsindən başlamalıdır. İcra başçıları bizneslə məşğul olmamalı, korrupsiyadan və rüşvətə qarşı mübarizə aparmalıdırlar. Onların açıq və səmimi olması, xalqa yaxınlığıyla seçilməsi ilə yanaşı, dövlətçiliyə bağlılığı da vacibdir. Xüsusilə də sərhəd rayonlarına rəhbərlik edənlər üçün milli təhlükəsizlik məsələlərini bilməsi, daim rayonun, dövlətin mənafeyini qoruması vacibdir. Nəhayət, ünsiyyət bacarığı və işgüzarlıq, daim çalışmaq, gününü istirahət yerlərində deyil, iş yerlərində keçirmək lazımdır”.

Qubad İbadoğlunun fikrincə, Azərbaycanda bu meyara uyğun gələn çoxsaylı gənc olsa da, onların icra başçısı vəzifəsinə təyinat almaq şansı sıfıra bərabərdir:

"Hətta belələri icra başçısı təyin olunsa da, hazırkı şərtlərlə işləyə bilməzlər. Çünki hazırkı təyinatlarda qohumbazlıq, regionçuluq, rəhbərə sədaqət, müxalifətə nifrət öndə olan meyarlardır. Əslində, ən düzgün yol budur: icra hakimiyyətləri ləğv olunur, onların yerini xalqın azad və ədalətli seçkidə mandat verdiyi bələdiyyələr tutur”.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az