“Mən Xalq Cəbhəsinin fəaliyyət göstərməsi üçün  ona şərait yaradılmasının tərəfdarıyam...”

“Mən Xalq Cəbhəsinin fəaliyyət göstərməsi üçün  ona şərait yaradılmasının tərəfdarıyam...”

“AXC-nin fəaliyyətinə maneçilik törədilirsə, bu, bu günkü qanunların pozulması deməkdir...”

Tarix ziddiyyətlər, paradokslarla doludur... Dünən “qəhrəman”, “lider”, “xalq atası” kimi tanıtdırılanlar bu gün xəyanətkara, satqına çevrilir və ya əksinə...

Hazırda partiyalaşmış müxtəlif parçaları bugünkü hakimiyyətə yaxın mediada, telekanallarda Vətənə, xalqa xəyanətin ən kəskin epitetləri ilə qamçılanan Azərbaycan Xalq Cəbhəsinin fəaliyyəti 27 ilə yaxındır iqtidarda olan hakim Yeni Azərbaycan Partiyasının banisi, eks-prezident Heydər Əliyev tərəfindən 30 il öncə təqdirəlayiq hesab olunub...

28 il öncə hakimiyyətə gəlmiş AXC-nin yaranması və fəaliyyəti ilə bağlı araşdırma aparan Moderator.az əməkdaşının tanınmış jurnalist və publisist Azər Abdullanın 1990-cı il avqustun 3-də Naxçıvanda görüşdüyü Heydər Əliyevlə müsahibəsində rast gəldiyi aşağıdakı məqam bu baxımdan ibrətamizdir.

Jurnalist müsahibinə öz suallarıyla yanaşı, ayrı-ayrı oxucuların da suallarını çatdırır.

Özünü Gəncə şəhərindəki 31452 saylı hərbi hissənin praporşiki kimi təqdim edən Vidadi Qurbanov AXC ilə bağlı Azərbaycanın sabiq dövlət başçısı, Yeni Azərbaycan Partiyasının öndərinə belə bir sual ünvanlayır:

“Bütün respublikalarda xalq cəbhələri açıq-aşkar fəaliyyətdədir. Bəs AXC-ni niyə boğublar, işini, fəaliyyətini niyə dayandırıblar?

Heydər Əliyev:

-Bu sualı mənə yox, Azərbaycan Respublikasının rəhbərlərinə vermək lazımdır. Mən onların bu barədəki fikirlərini bilmirəm... Ancaq sual verən şəxs mənim fikrimi bilmək istəyirsə, böyük siyasi qüvvə kimi, tam fəaliyyət göstərməsi üçün AXC-yə bütün şərait yaradılmalıdır. Əgər AXC müəyyən dairələr tərəfindən boğulur, yaxud fəaliyyətinə maneçilik törədilirsə, məncə, bu, günün tələblərinə uyğun deyil və bu günkü qanunların pozulması deməkdir. Mən Xalq Cəbhəsinin fəaliyyət göstərməsi üçün ona şərait yaradılmasının tərəfdarıyam...”

3 avqust 1990-cı il. Naxçıvan şəhəri.

Azər Abdulla, “Onlar qəmli idi...”, Bakı, 2007-ci il. Səh.165.

Təqdim etdi:

Sultan Laçın

 

Mənbə: moderator.az