Gürcüstan müsəlmanlarını narahat edən məsələlər baş nazirin diqqətinə çatdırılıb

Gürcüstan müsəlmanlarını narahat edən məsələlər baş nazirin diqqətinə çatdırılıb

Gürcüstanın müsəlman icmasını narahat edən bir sıra məsələlər Baş nazir Giorgi Qaxarianın diqqətinə çatdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Ramin İgidov bildirib.

Onun sözlərinə görə, hökumət başçısının ötən gün müsəlman dini liderlərlə Ramazan bayramı münasibətilə keçirdiyi görüşdə müsəlmanları narahat edən müəyyən məsələlərə toxunulub: “Bu məsələlərə bəzi yerlərdə yeni məscidlərin tikintisində yerli idarəetmə orqanlarının yaratdığı süni maneələr, tarixi məscidlərin abadlaşdırılmasına olan ehtiyac və məscidlərin qeydiyyatı sahəsindəki problemlər daxildir”.

Dini liderlər hökümət başçısının göstərişləri, Dini Məsələlər üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların vasitəçiliyi ilə bu problemlərin mərhələli şəkildə həllinə ümidvar olduqlarını bildiriblər.

Mənbə: report.az