Deputatın təşəbbüsü ilə SOCAR 150 ailəyə bayram sovqatı göndərib

Deputatın təşəbbüsü ilə SOCAR 150 ailəyə bayram sovqatı göndərib

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə SOCAR şirkəti tərəfindən ön cəbhə rayonu olan Tovuzda 150-dən artıq Qarabağ müharibəsi əlili və veteranına Ramazan bayramı münasibətilə bayram sovqatı təqdim edilib.

Yenisabah.az xəbər verir ki, həmin ailələrə bayram sovqatı ilə yanaşı millət vəkili Qənirə Paşayeva tərəfindən koronavirusla mübarizə istiqamətində gigiyenik- qoruyucu vasitələr də hədiyyə edilib və COVİD-19 virusu ilə mübarizədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrə dair maarifləndirici məlumatlar da verilib.

Prezident İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına qarşı diqqət və qayğısının hər birimizə örnək olduğunu deyən Qənirə Paşayeva Ramazan bayramında Qarabağ müharibəsi əlillərini, qaziləri təbrik edərək, onlara Allahdan bütün arzularına çatmalarını diləyib. Cənab Prezidentin şəhid ailələrinin, Qarabağ müharibəsi əlil və qazilərin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlətimizin və dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva hər zaman şəhid ailələrimizin, Qarabağ müharibəsi veteran və əlillərimizin yanındayıq deyib.

Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının Sədri Etibar Vəliyevlə və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyevlə görüşüb, Ramazan bayramlarını təbrik edib.

Mənbə: yenisabah.az