ŞUŞA ANDİÇMƏSİ ONA GÖRƏ BAŞ TUTDU Kİ... – Millətləşmə, Demokratikləşmə, Qloballaşma və Konstitusiya düşüncələri

ŞUŞA ANDİÇMƏSİ ONA GÖRƏ BAŞ TUTDU Kİ... – Millətləşmə, Demokratikləşmə, Qloballaşma və Konstitusiya düşüncələri

Fəxrəddin MEHDİYEV, hüquqşünas

İllər keçəçək, bu ilin 21 may tarixi ağır, üzüntülü gün kimi yaddaşlarda qalacaq. Həmin gün Şuşanın Cıdır düzündə erməni qəsbkarları beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, Azərbaycan ordusunun sərhədyanı bölgələrdə genişmiqyaslı hərbi təlimlərinə baxmayaraq, inauqurasiya mərasimi keçirdilər. Ona görə də bu tarix dərin düşüncələr və ciddi hərəkətlər üçün istinad nöqtəsi olmalıdır.

Bu ay həm də icra strukturlarında yüksək məmurların korrupsiya ilə bağlı həbsləri ilə yadda qaldı. İcra hakimiyyəti başçılarının hətta imkansız ailələrə maddi yardımları mənimsəməsi də çox düşündürücü və üzüntülü oldu.

Nə üçün belə hadisələr baş verir? Məsələyə bu suala cavab axtarışı kontekstindən baxaq:

Dünyada hər bir hadisənin səbəbi və ya səbəbləri var. Dünya, səbəb-nəticə qanunları ilə yaşayır. Cəmiyyətin də inkişafı müəyyən obyektiv qanunlara tabedir. Görünən odur ki, biz bu qanunlarla yaşamırıq, ona görə də həmin qanunlar bizi cəzalandırır. Məncə, bunun başqa cür izahı yoxdur.

Siyasi elmlər öyrədirlər ki, xalqlar millətləşmə, demokratikləşmə, qloballaşma mərhələlərindən keçirlər.

"Millətləşmə" dedikdə söhbət xalqın bütövləşməsindən gedir. Bütövləşmə, vətənləşmə ideyasını ali dəyərə çevirir. Tarixi proses göstərdi ki, bizdə millətləşmə başa çatmadı. Əgər bu başa çatsa idi, keçən əsrin əvvəllərində böyük mütəfəkkir, şair M.Ə.Sabir belə yazmazdı:

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə mötac olur olsun, nə işim var?!

Maarifçi mütəfəkkirlərimiz M.Ə.Sabir, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Əhməd Bəy Ağayev və başqaları bu sahədə çox işlər gördülər. Lakin uzun dövr ərzində müstəmləkə idarəçiliyində, xanlıqlar dövründə yaşamaq nəticəsində formalaşmış siyasi düşüncə tərzini dəyişmək mümkün olmadı. Sovet dövründə də mütərəqqi düşüncəli insanlarımız fiziki cəhətdən məhv edildi. Bütövləşmə siyasi düşüncəsi dayandı. Sovet İttifaqı dağılanda bunun acı nəticəsi olaraq əks proses baş verdi: tayfalaşma, qəbilələşmə, regionlaşma və bu da erməni qəsbkarlarına torpaqlarımızı zəbt etməyə şərait yaratdı. Ermənilərdə isə millətləşmə prosesi erməni kilsəsinin başçılığı ilə başa çatmışdı.

İkincisi, "Demokratikləşmə" mərhələsi. Demokratiya insanlara azadlıq verir. Azadlıq isə insanların seçim imkanlarıdır. Demokratiya seçki yolu ilə siyasi nəsillərin dəyişməsini dinc yolla həyata keçirir və elitanı formalaşdırır. Elitanın formalaşması yalnız və yalnız azad, ədalətli seçki yolu ilə baş verir. ABŞ dövlətinin yaradıcılarından biri Tomas Cefferson deyirdi ki, aristokratiyanın formalaşması seçkidən keçir...

SSRİ dağılanda müsdəqillik əldə edən müttəfiq respublikaların əksəriyyəti super prezidentli respublika idarəetmə sisteminə keçdilər və sonradan onların bəziləri, o cümlədən Gürcüstan prezidentli - parlamentli, Ermənistan isə parlamentli idarəçiliyə keçdilər. Bizdə isə bu dəyişiklik baş vermədi, əksinə, demokratik proseslərin təminatçısı kimi çıxış edən proporsional seçki sistemindən belə imtina olundu.

İnkişaf etmiş ölkələrin siyasi həyatında parlament müstəsna rol oynayır. Əsasən parlament seçkiləri ilə siyasi elita formalaşır və yeniləşir. Bu isə əsasən proporsional seçki yolu ilə baş verir və siyasi partiyalar seçki dövründə xalqdan aldığı etimad müqabilində kollektiv məsuliyyət daşıyır.

Ümumiyyətlə, dünyada elmi, texniki-texnoloji, hüquqi sahədə olduğu kimi idarəçilikdə də beynəlxalq normalar və standartlar formalaşıb. Bizdə də sistem bu normalara və standartlara uyğunlaşmalıdır. Başqa yol yoxdur.

Üçüncüsü, "Qloballaşma". Qloballaşma obyektiv prosesdir. Dünyada aparıcı iki tendensiya mövcuddur: demokratiya və inteqrasiya. Qloballaşma şəraitində yaşamaq üçün hər bir ölkə beynəlxalq əmək bölgüsündə öz yerini tutmalıdır. Təbii sərvətlərin mövcudluğu ölkənin inkişafının təminatı deyil, əsas məsələ həmin sərvətlərdən necə istifadə edilməsidir. Əks halda ölkə xammal və ucuz işçi qüvvəsi kimi qalmağa məhkumdur. Qloballaşma şəraitində inkişaf etmiş ölkələr elm tutumlu sahələri inkişaf etdirməklə beyin məhsullarını dünya bazarına çıxarırlar. Qloballaşma dövründə əsas istiqamət insan inkişafıdır və prioritetlər isə elm, təhsil, texnologiya, innovasiya iqtisadiyyatıdır. Ölkənin simasını bu meyarlar müəyyən edir. Bütün bunlar isə yenə də yanlız demokratikləşmədən keçir. Biz də bu yolu seçməliyik. Başqa yol yoxdur!

Beləliklə, 21 may tarixində Şuşa şəhərində erməni qəsbkarlarının inauqurasiyasının baş tutma səbəbi bizim Millətləşmə, Demokratikləşmə, Qloballaşma mərhələsindəki problemlərimizdir.

Buradan ikinci əbədi sual yaranır: Nə etməli?

Sözsüz, islahatlar aparılmalıdır!!! İslahatlar dedikdə, fundamental dəyişikliyə səbəb olacaq konstitusion islahatdan söhbət gedə bilər. Çünki siyasi və idarəçilik sferasındakı islahatlar keyfiyyət dəyişikliyini yarada bilər. Belə bir islahta zərurət var. Bunu iqtidarın, müxalifətin və ictimaiyyətin nümayəndələri də bildirirlər. ABŞ-ın prezidenti olmuş Franklin Ruzveltin belə bir ifadəsi var: “İslahatları mümkünsüz edən hakimiyyət inqilabları zəruri edir”. Əlbəttə, inqilab fəlakətdir. Təkamül yolu daha faydalı, sivil, optimal, doğru yoldur.

Konstitsiya islahatlarını aparmaq, siyasi sistemi təkmilləşdirmək, seçki sistemini yenidən qurmaq lazımdır. Bunlar elə məsələlərdir ki, hamı bu nöqtədə birləşə bilər. Bu isə cəmiyyətə bütövləşməyə, demokratikləşməyə, qloballaşma şəraitində yaşamağa və inkişaf etməyə təminat verə bilər. Bu birləşmə nöqtəsi həm də istinad nöqtəsidir.

Mənbə: azpolitika.info