"Qarabağı yalnız orada yaşayan ermənilərlə birlikdə qaytara bilərik" - Müsavatçı

"Qarabağı yalnız orada yaşayan ermənilərlə birlikdə qaytara bilərik" -     Müsavatçı

"Soyuq başla düşünən hər kəs anlayır ki, Qarabağı yalnız orada yaşayan ermənilərlə birlikdə qaytara bilərik".

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı deyib.

Y.Sadıqlı qeyd edib ki, müasir dünyada kimsə etnik təmizləmə həyata keçirməyə imkan verməz: "Cəhd etmək belə fəlakətlə nəticələnə bilər. Buna görə də bizim mənafeyimiz ermənilərlə dinc yanaşı yaşaya biləcəyimizi göstərməyi tələb edir. Ermənilərin mənafeyi isə bunun mümkünsüzlüyünü isbat etməyi və müstəqillik istəklərini bununla əsaslandırmağı tələb edir. "Arsenal" klubunun futbolçusu Mxitaryanın ötən il Avroliqa finalında oynamaq üçün Bakıya gəlməkdən imtina etməsi və bunun ətrafında böyük hay-küy yaradılması məhz buna xidmət edirdi. Hamı, Mxitaryan özü də bilirdi ki, Bakıda onun heç burnu da qanamayacaq, başqalarından da təhlükəsiz şəraitdə olacaq. Amma öz xalqının mənafeyinə uyğun davrandı, hətta maaş aldığı komandasının mənafeyini də qurban verdi.

Bu baxımdan Ramil Səfərovun Budapeştdə etdiyi bizim mənafeyimizə uyğun deyildi. Qəhrəmanlıq təkcə nəsə etmək deyil, bəzən də nəsə etməməkdir, özünün bütün hisslərini, duyğularını boğub daha ali məqsəd, ümumi mənafe naminə dözməkdir. Milli mənafe və sağlam düşüncə - toplumda xeyli əskik olan, özümüzdə, övladlarımızda formalaşdırmağa çalışdığımız əsas hisslər bunlar olmalıdırlar".

Mənbə: pravda.az