"Dövlət başçısının istənilən şəxsi əfv etmək hüququ var" - Yusif Bağırzadə

"Dövlət başçısının istənilən şəxsi əfv etmək hüququ var" - Yusif Bağırzadə

Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının işğalından və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Avropa İnsan Hüquqları Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi əfv fərmanının ləğvini və ya işin yenidən açılmasını tələb etməsə də Azərbaycanı Avropa İnsan Hüquqları Konvensiyasının bir qism maddələrini pozmaqda ittiham edib:

"Qərarla diqqətlə tanış olduqda hər hansı əsaslandırılma aparılmadığını və verilən qərarın nə qədər yanlış olduğunu görmək mümkündür.

Çıxarılan qərarda əfvlə bağlı məsələyə daha çox diqqət çəkilir. Avropa İnsan Haqları Məhkəməsi bilməli və qəbul etməlidir ki, Azərbaycan prezidentinin əfvə dair konstitusiya ilə təsbit edilmiş müstəsna hüquqları var. Bu hüquqlar həm də beynəlxalq qanunlara söykənir. Odur ki, dövlət başçısının istənilən şəxsi əfv etmək hüququ var və bu, hansısa beynəlxalq məhkəmə tərəfindən mübahisələndirilə bilməz".

Politoloq qeyd edib ki, digər bir məsələ məhkəmənin baş vermiş hadisəni etnik nifrət cinayəti olaraq qəbul etməsi ilə bağlıdır: "Məhkəmə işi daha yaxşı araşdırmalı və başa düşməli idi ki, burada etnik nifrət cinayətindən çox, zabit ləyaqətindən söhbət gedir. Ramil Səfərovda zabit olub. Bütün hərbi konvensiyalara uyğun olaraq zabit şərəfinin, zabit ləyaqətinin təhqir olunmasına qarşı öz etirazını bildirib. Zabitin mənsub olduğu ölkənin dövlət bayrağı təhqir olunub və buna da istər-istəməz reaksiya verilib.

Məhkəmə ittiham olunan şəxsin Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşadığını nəzərə almalı idi".

Yusif Bağırzadə hesab edir ki, bütün bunları saya salmayan, hüquqi çərçivəyə sığmayan, dövlət başçısının əfv hüququnu sətiraltı da olsa mübahisələndirən bir məhkəmə qərarı heç bir halda ədalətli hesab oluna bilməz və Azərbaycan hökuməti bu haqsız qərardan şikayət vermək hüququndan istifadə etməlidir.

Mənbə: teleqraf.com