Erməni general haqlıdır: hər an başlaya bilər - Polkovnik

Erməni general haqlıdır: hər an başlaya bilər - Polkovnik

Erməni general Norat Ter-Qriqoryantsın sözündə həqiqət var. Çünki Azərbaycan Ordusu hər an Qarabağda antiterror əməliyyatı başlaya bilər. Bu reallığı ermənilər unutmamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan Silahlı Qüvvələrinin keçmiş komandanı, 1992-1995-ci illərdə Ermənistan Baş Qərargah rəisi olmuş general-leytenant Norat Ter-Qriqoryantsın Ermənistan mediasına açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Ordusu doğrudan da erməni tərəfini yoxlayır:

“1992-1995-ci illərdə Ermənistan Baş Qərargah rəisi olmuş general-leytenant Norat Ter-Qriqoryants təcrübəli hərbiçidir. Bu mənada onun dediyi fikirlər həqiqəti əks etdirir. Əslində, bu gün Norat Ter-Qriqoryantsın timsalında biz görə bilərik ki, Ermənistan Azərbaycan Ordusundan ehtiyat edir və bu, təsadüfü deyil. Hazırda Azərbaycan ən müasir silahlar alır, Ordumuz müntəzəm olaraq modern silahlarla təchiz edir, döyüş bacarığını təkmilləşdirir, ən çətin şəraitlərdə təlimlər keçir və bu təlimlərin demək olar ki, hamısı real döyüş vəziyyətində aparılır. Azərbaycan bu gün işğala məruz qalmış, müharibə şəraitində olan ölkədir. Məhz bu səbəbdən Ordumuz taktiki döyüş qabiliyyətini hər zaman yüksək tutmaq məcburiyyətindədir”.

Polkovnik qeyd edib ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimlər Ermənistanda haqlı olaraq təşviş yaradır:

“Bu gün Azərbaycan Ordusunun ən başlıca vəzifəsi Azərbaycan xalqının təhlükəsizliyini qorumaq və işğal olunmuş torpaqlarımızı azad etməkdir. Bu mənada Ordumuzda ciddi işlər gedir. Bugünkü hərbi təlimlər erməni tərəfində ona görə xüsusi həyəcanla qarşılanır ki, Azərbaycan Silahlı Qüvvələrinin təlim rejimindən dərhal real döyüş rejiminə keçmək imkanı və planı mövcuddur”.

Mənbə: axar.az