“Müstəqilliyimizi göz bəbəyi kimi qorumaq hər birimizin borcudur”

“Müstəqilliyimizi göz bəbəyi kimi qorumaq hər birimizin borcudur”

Mayis Səfərli: "Bu vəzifələrin yerinə yetirilməsi üçün biz bir olmalı, birlikdə olmalıyıq"

"Ümumi evimiz olan Yer Kürəsində çox sayda millətlər, xalqlar, etnik qruplar yaşayır. Onların dəqiq sayını heç kim bilmir. Müxtəlif qaynaqlarda fərqli rəqəmlər göstərilir. Məsələ ondadır ki, "xalq" anlayışına dəqiq tərif vermək praktik cəhətdən çox çətindir. Məsələn, elə dövlətlər var ki onların əhalisi bir dildə danışsa da, müxtəlif etnoslara mənsubdurlar, yaxud əksinə. Hər halda, rəsmi mənbələrdə planetimizdə xalqların sayının 2-4 min arasında olduğu bildirilir. Lakin bu xalqların və millətlərin heç də hamısına öz dövlətlərini qurmaq nəsib olmamışdır. Hazırda yer üzündə 200-ə yaxın müstəqil dövlət var. Onlardan biri də Azərbaycan Respublikasıdır!" Bu fikirləri "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, biz bir millət olaraq, tarixin lap əvvəlindən dövlət həyatı yaşamışıq. 5000 illik dövlətçilik tarixinə malik olan xalqımızın siyasi idarəçilik ənənəsi də o qədər qədim və zəngindir. Ölkəmizin ərazisində ilk dövlət qurumları və etnik siyasi birliklər eramızdan çox-çox əvvəl təşəkkül tapmışdır. Bizim tarixi torpaqlarımızda 40-dan çox dövlətlər mövcud olmuşdur ki, onların da əksəriyyətinin qurucuları bizim doğma dədə-bablarımız idilər: "Qüdrətli hərbi-siyasi nüfuzu ilə seçilən Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar imperatorluqları dövlətçilik mədəniyyətimizin şah əsərləridir. Bir yanında gün doğanda, o biri yanında günəş qürub edən, quzeyində qış olanda, güneyində bahar gələn bu genişərazili dövlətlər orta əsrlər sivilizasiyasının hərtərəfli inkişafına, bəşər mədəniyyətinə, elminə, ədəbiyyatına böyük töhfələr vermişlər. 28 may 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman aləmində ilk dünyəvi və demokratik dövlət kimi tarixə düşmüşdür. Cəmi 23 ay yaşayan və bu qısa zaman kəsiyində öz dövlət atributlarını, bayrağını, himnini, gerbini formalaşdıran, ana dilimizi dövlət dili elan edən cümhuriyyətimizin dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə gördüyü böyük işlər xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Lakin 1920-ci ilin aprelin 28-də bolşevik hərbi təcavüzü nəticəsində milli dövlətimiz süquta uğradı".

Onun sölərinə görə, 1991-ci il oktyabrın 18 - də Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Ancaq, bir tərəfdən rus hərbi birləşmələrinin dəstəyi ilə Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi,digər tərəfdən gərgin ölkədaxili siyasi vəziyyət müstəqilliyimizə böyük təhlükələr yaradırdı: "1993-cü il iyununda Azərbaycan xalqının təkidli tələbi əsasında Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi. Ulu Öndərin böyük zəhməti və sağlamlığı hesabına Azərbaycan dərin siyasi, iqtisadi və hərbi böhrandan çıxmağı bacardı. 1993-2003-cü illərdə faktiki olaraq, Azərbaycanda dövlət quruculuğu prosesi uğurla başa çatdırıldı. 2003-cü ildən ölkəmizə başçılıq edən Ilham Əliyevin prezidentliyi dövründə Azərbaycan öz tarixində böyük inkişaf yolu keçib. Bu gün dövlətimizin beynəlxalq münasibətlər sistemində tutduğu önəmli yer və rol göz qabağındadır. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı, transmilli layihələrin həyata keçirilməsi, terrorizmə qarşı mübarizədə dünya birliyinə verdiyi dəstək Azərbaycanı bütün dünyaya söz sahibi etmişdir. Əfsuslar olsun ki, dövlətimizə və dövlətçiliyimizə qarşı təhlükələr hələ də mövcuddur. Beynəlxalq ictimaiyyətin çağrışlarına, BMT TŞ-nın qətnamələrinə rəğmən, ermənistanin işğal etdiyi torpaqlarımızdan geri çəkilməməsı, əksinə, həmin ərazilərdə məskunlaşma prosesinə start verməsi, yeraltı, yerüstü sərvətlərimizi talan etməsi, bir sıra dövlətlərdə, beynəlxalq təşkilatlarda, antiazərbaycan, ermənipərəst şəbəkəsinin mövcudluğu və Azərbaycana qarşı, içərimizdəki əlaltıları ilə birgə şər - böhran kompaniyası aparması, fürsət düşdükcə dövlətimizin fəaliyyətinə zərbə vurmaq istəyi, cəmiyyətdə xaos yaratmaq planları belə təhlükələr sirasındadır. Bütün bunlara sinə gərmək, müstəqilliyimizə olan təhdidlərə qarşı mübarizə aparmaq, ərazi bütövlüyümüzü təmin etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq hər birimizin borcumuzdur, Vətən qarşısında öhdəliyimizdir. Bu vəzifələrin yerinə yetirilməsi üçün biz bir olmalı, birlikdə olmalıyıq!"

Mənbə: olaylar.az