Kor Avropanın Ramil Səfərov hikkəsi - Tülkü kimi quyruğunu qısanlar

Kor Avropanın Ramil Səfərov hikkəsi - Tülkü kimi quyruğunu qısanlar

Ramil Səfərov düz eləmişdi, erməninin söyüşünə ölümcül cavab vermişdi, birmənalı! Azərbaycan Prezidenti də düz elədi, birmənalı! Ramili azad elədi. Amma və lakin Avropa Şurası düz eləmir, təbii ki, birmənalı! Hər şey gözümüzün önündədir. Artıq sayələrində sadəlövh, sözə inanan insanlar deyilik biz də. O üzdən sirr deyil, nədəsə quyruğu tapdanıb avropalıların və şuralarının. Şura demiş, burda da bir şuraları var. Araya qatıb LGBT işinə görə onları da danlayıblar deyilənə görə. Görək, onlara işləmirik deyənlən Milli Şura Ramil Səfərovun məsələsinə səs çıxara biləcəkmi? Nə isə dönək əsas məsələyə…

Hər zaman belə olub, Avropa Azərbaycana nəsə sırımaq istəyəndə, ya da burada istədiyini ala bilməyəndə, əlində bəyanatı yüyürüb gəlib. Yadına söz azadlığı, insan haqları, ödənməmiş kompensasiyalar, siyasi məhbus məsələsi düşüb. Indi də Ramil Səfərovu azadlığa buraxmaqla, düz eləməyib Azərbaycan deyir. Ay siz öləsiniz! Siz düzmü edənsiniz illər, əsirlərdir?!.

Suriyaya, İraqa korsunuz!

Əfqanıstana laldır diliniz!

İran adlı dövlətə edilənlərdən xəbərsizsiniz!

Türkiyədə baş verənlərdən dünya-axirət xəbəriniz yoxdur!

Xocalı soyqırımına korsunuz!

Kəlbəcərə, Şuşaya Laçının işğalına dilsiz!

Hər kəndi bir faciə yaşayıb Qarabağın, qəti görüb eləməmisiniz!

Yüzlərlə azərbaycanlı əsirdən xəbəriniz də yoxdur!

Şəhidə, itkinə rast gəlməmisiniz heç!

Atəşkəs qurbanlarından, körpə qətillərindən xəbəriniz də olmayıb!

Azərbaycanda bunca qaçqının, köçkünün olmasını hardan biləcəksiniz?!.

Işğala məruz qalmamızdan heç xəbərdar olmazsınız!

Atəşkəsin hər gün pozulduğunu kar qulaqlarınız hardan eşidər ax?!

Dağlıq Qarabağda viran edilən, talanan Azərbaycan milli irsinə, sərvətinə görə mıqqırınız çıxarmı?!. Qətiyyən?!.

…Avropa olaraq bircə şey bilirsiniz, maraqlarınız tapdananda, üstünüzə gediləndə, tülkü kimi quyruğunuzu qısar, çaqqal kimi pusuya yatar. Haradasa quzğun kimi leş gözləyərsiniz. Siz ömrünüzdə mərd, cəsarətli iş görməzsiniz. İslama düşmən, türkə qənim olarsınız həmişə. Dindaşınızın himayə elədiklərinizin heç bir qüsurunu görməzsiniz. Erməninin harınlığına qəti reaksiya verməzsiniz bu üzdən. Yalan, riya, satqınlıq, oyubazlıq var mayanızda, təəccüblü deyil. Bir də məqam düşsə, qızıl teşdə başımızı kəsər, qızıl qədəhdə qanımızı pəh-pəhlə içərsiniz, amma hələ ki, alınmır… Bizi bu məmləkətin ramilləri qoruduqca da, alınmayacaq!

Hə, bu arada deyənlər var ki, R.Səfərov məsələsi də şoudur. Prosedur olaraq gündəmə gətirilmiş bir məsələdən, şou düzənlənir yəni. Əslində hər kəs belə düşünərdi, təbii ki, əgər içimizdə Səfərov yenə həbs ediləcək deyib, sevincdən şaqqanaq çəkən ermənipərəstlərimiz olmasaydı…

Jalə Mütəllimova

KONKRET.az

Mənbə: konkret.az