Naxçıvandan açılan atəşlə erməni komandiri... – İddia

Naxçıvandan açılan atəşlə erməni komandiri... – İddia

Ermənistan Müdafiə Nazirliyi hərbi hissələrdən birinin batalyon komandirinin “Nissan Patriot” markalı xidməti avtomobilinin Azərbaycan hərbi qüvvələrinin Naxçıvan istiqamətindən açılan atəş nəticəsində yandığı barədə yerli mediada yayılan məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib.

Şuşanyan buna bənzər olayların əvvəl də baş verdiyini bildirərək, hər gün sərhəddə atışmaların olduğunu deyib.

O, Naxçıvan-Ermənistan sərhədlərində, digər bölgələrlə müqayisədə vəziyyətin nisbətən sabit olduğunu söyləyib: “Hadisə Ermənistan silahlı qüvvələrinin yeni istehkamlar inşa etdiyi qarşıdurma zonasında baş verib. Maşın yanıb, ancaq artıq batalyon komandirinə xidmət etmək vəziyyətində deyil”.

Şuşanyan hadisənin hansı zəmində baş verdiyinə tam aydınlıq gətirməyib.

Azərbaycan Müdafiə Nazirliyinin dünən və bu gün cəbhə bölgəsindəki son durumla bağlı yaydığı açıqlamalarda, Naxçıvan istiqamətində atəşkəs rejiminin pozulması hallarının qeydə alınması barədə məlumat yoxdur. Təmas xətti və sərhədboyu ərazilərdə isə Ermənistan tərəfi iki sutka ərzində atəşkəs rejimini bir neçə dəfə pozub.

Mənbə: teleqraf.com