İndoneziya portalı Azərbaycan səfirinin ölkəmizin uğurlarından bəhs edən müsahibəsini yayıb

İndoneziya portalı Azərbaycan səfirinin ölkəmizin uğurlarından bəhs edən müsahibəsini yayıb

İndoneziyanın “Kompasiana” internet portalında 28 May – Respublika Günü ilə əlaqədar “İndoneziya Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir” başlığı altında jurnalist Viramalla Ancayanın ölkəmizin İndoneziyadakı səfiri Cəlal Mirzəyev ilə müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə müsəlman Şərqində ilk dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, xüsusilə uğurlu dövlət quruculuğuna, dövlət müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına, ABŞ və bir sıra Qərb ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verilməsinə dair geniş məlumatlar yer alıb.

C.Mirzəyev Azərbaycanın 71 il Sovet İttifaqının tərkibində olduğunu, müstəqilliyini bərpa etdikdən sonra 28 may tarixinin Respublika Günü kimi qeyd edildiyini bildirib. Müsahibədə dövlət müstəqilliyi bərpa edildikdən sonra ümummilli lider Heydər Əliyevin onu qorumaq və möhkəmləndirmək məqsədilə Azərbaycan xalqında milli ruhu gücləndirmək üçün bir çox işlər gördüyü qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil, suveren və demokratik bir ölkə olaraq uğurlu və səmərəli idarəetmə sayəsində ciddi nailiyyətlər qazandığı vurğulanıb. Bildirilib ki, ölkəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və insan kapitalının inkişafı istiqamətində ciddi addımlar atılıb, eləcə də Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi daha möhkəmlənib.

Səfir C.Mirzəyev, həmçinin İndoneziya ilə bir çox sahələrdə inkişaf edən ikitərəfli münasibətlərdən bəhs edib, Azərbaycan ilə İndoneziya arasında oxşarlıqlara diqqət çəkib, hər iki ölkənin əhalisinin əksər hissəsinin müsəlmanların təşkil etdiyini və dövlət idarəçiliyində demokratik dəyərlərə böyük əhəmiyyət verildiyini bildirib. O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının (QH) üzvləri kimi Azərbaycan və İndoneziyanın qlobal məsələlərdə də oxşar siyasi baxışlara malik olduğunu, BMT kimi bir sıra çoxtərəfli təşkilatlarda sıx əməkdaşlıq edildiyini xüsusi vurğulayıb.

Müsahibədə ölkəmizdə COVID-19 infeksiyası ilə mübarizə istiqamətində görülən işlərdən, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətindən, Azərbaycan ilə İndoneziya arasında iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin hazırkı səviyyəsindən bəhs edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Mənbə: azertag.az